Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub Hadisə

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub

IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində IDEA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində bu ilin ilk laboratoriya təlimi keçirilib. Yanvar laboratoriyası qütb dairəsi və onun təbiəti mövzusuna həsr edilib və buna uyğun olaraq, təlim zamanı "kiçik ekoloqlar"a qar və buz, onların xüsusiyyətləri, buzun və qar dənəciklərinin formalaşması, qütb heyvanları, Antarktidanın coğrafiyası və s. izah olunub.
Təlimin gedişində uşaqlar, həmçinin quru buz, duzlu və şirin su ilə bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edib, müxtəlif materiallardan istifadə etməklə mövzu ilə əlaqəli kiçik "sənət əsərləri" hazırlayıblar. Yanvar laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də qütb təbiəti ilə kiçik yaşlardan tanış olmaları baxımından əlamətdar olub. Təlimin sonunda IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirakla bağlı IDEA İctimai Birliyi ilə əlaqə saxlamaq olar (497-63-16).