Nəqliyyatın “qoçuları” Hadisə

Nəqliyyatın “qoçuları”

Razi Abbasbəyli: "İnzibati nəzarət mexanizmləri yol polisi ilə vergi müfəttişləri arasında bölünməlidir"

Aprelin 8-də saat 11.00 radələrində Bakı Beynəlxalq Avtovağzalında əməkdar artist İlqar Cahangir nəqliyyat departamentinin əməkdaşları tərəfindən təhqir olunub. Aktyor bildirib ki, özünü Nəqliyyat Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən bir vətəndaşı döyməsini lentə aldığına görə hücuma məruz qalıb. Vətəndaşı döyən şəxslər onu təhqir edib, sonra isə onun telefonunu alıb yaddaş kartını çıxarıblar. İlqar Cahangirin sözlərinə görə, sonra onu avtovağzalın ikinci mərtəbəsində oturan rəisin kabinetinə aparıblar. Qeyd edək ki, İlqar Cahangir hazırda "Oda" teatrında çalışır.
Nəqliyyat Nazirliyi aktyor İlqar Cahangirin Bakı Şəhər Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən təhqirinə məruz qalması ilə bağlı mediada yayılan xəbərə münasibət bildirib. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib ki, İlqar Cahangir hadisə ilə bağlı İdarəyə dəvət edilib və bu məsələ araşdırılıb. O vurğulayıb ki, araşdırma nəticəsində bəlli olub ki, Departamentinin əməkdaşlarının işi taksi sürücüsü ilə olub. Aktyor isə bura müdaxilə edib: "Aktyorla özüm də şəxsən görüşdüm. Yekunda bütün narazılıqlar aradan qaldırıldı və onlar öpüşüb görüşdülər".
Nazirlik rəsmisi əlavə edib ki, buna baxmayaraq, sürücü və aktyoru təhqir edən əməkdaşlardan izahat alınıb və bununla bağlı lazımi tədbir görüləcək: "Müfəttişlərimizi birmənalı şəkildə təlimatlandırmışıq ki, vətəndaşlarla davranış qaydalarına riayət etsinlər. Keçən ilin sonundan bu ilin ötən dövrünə qədər müddətdə davranış qaydalarını pozduğuna görə, 35 nəqliyyat müfəttişi işdən kənarlaşdırılıb". Taksi sürücüsünün aqibətinə gəldikdə isə Əmrah Cəfərov bildirib ki, sürücü qeyri-qanuni olaraq Siyəzən-Bakı arasında taksi fəaliyyəti ilə məşğuldur: "Sürücü saxlanılaraq barəsində protokol tərtib edilib".
Media Hüququ İnstitutu tanınmış aktyor İlqar Cahangirlinin Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən təzyiqə məruz qalmasını - təhqir olunmasını, mobil telefonunun avadanlıqlarının əlindən alınmasını kəskin pisləyir.
Media Hüququ İnstitutunun yaydığı bəyanatında hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığının olduğunu, bu azadlığın məhdudlaşdırılmasının hüquqi məsuliyyət yaratdığını qeyd edib.
MHİ təəssüflə vurğulayıb ki, son bir il ərzində bilgi əldə etmək hüququnun ciddi pozuntusu ilə müşaiyət olunan bu olayların heç biri ədalətli araşdırılmayıb, bilgi əldə etmək haqlarından yararlanmaq istəyənlərə təzyiq edənlər ortalıqda yetərli sübutlar olmasına baxmayaraq, məhkəmə qarşısına çıxarılmayıblar: "Cəzasızlıq mühiti qanunsuz əməllərə yol verənləri qanunsuzluqları ictimailəşdirmək istəyənlərə qarşı daha amansız rəftara həvəsləndirir", deyə bəyanatda deyilir.
MHİ əlaqədar qurumları İlqar Cahangirliyə qarşı törədilən qanunsuz hərəkətləri, habelə bilgi əldə etmək haqqına yönələn bütün olayları ciddi və operativ araşdırmağa, qanunsuzluq edənlərin cəzalandırılması üçün gərəkli ölçülər götürməyə çağırır.
Amma bu çıxış yolu deyil. Departament əməkdaşlarının aktyorla barışması problemi həll etmir. Dəfələrlə belə hallar mətbuatda qaldırılsa da, Nəqliyyat Nazirliyi müfəttişlərinin sürücülərə qarşı özbaşınalığı və qanunsuz hərəkətləri davam edir. Təkcə taksi sürücülərinə qarşı deyil, eyni zamanda yük maşınlarına qarşı da lazım gəldi gəlmədi müdaxilə edilir. Yük maşını sürücüləri deyir ki, müfəttişlər tərəfindən saxlanılırlar. Adının çəkilməsini istəməyən sürücülərdən biri deyir ki, nəqliyyat müfəttişləri onları saxlayan zaman heç bir sənəd tələb etmirlər: "Bu yaxınlarda televiziyalar da onları rüşvət alarkən çəkdi. Yenə də əməllərindən çəkinmirlər. Kiməsə arxayındırlar. Elə vaxt olub ki, gün ərzində məni iki dəfə saxlayıblar. Deyirəm buyur bu mənim sənədlərim, deyir o sənə qalsın. Nəyin var? Açıq aşkar pul istəyirlər. 5 manatdan yığırlar. İmkanımız olmur, verə bilmirik. Onda da maşının arxa və qabağını kəsib imkan vermirlər getməyə. Bir neçə dəfə bu barədə nazirliyə şikayət etmişik. Nə dinləyən var, nə də ki, tədbir görən".
Sürücülər bildiriblər ki, bütün normativlərə riayət etsələr də müfəttişlər tərəfindən saxlanılırlar. Səhlab adlı sürücü başına gələn maraqlı olayı bölüşüb: "Şirkətlərin birində sürücü işləyirəm. "KamAZ" özümündür. Nəqliyyat Nazirliyinə məxsus maşınlar həmişə yolda durur. Sürücülərə pusqu qururlar. Bilmirsən dərdləri nədir. Nə istəyirlər. Xarici kinolardakı kimi birdə görürsən ki, ağacın arxasından iki maşın sürətlə çıxıb səni qovmağa başlayır. Yolda nəinki sənə digər sürücülər də təhlükə yaradırlar. Qovub-qovub bir yerdə səni sıxışdırırlar. Sənəd istəyirlər verirsən, başlarını yelləyib deyirlər ki, bəs üçdən-beşdən nəyin var ver gəlsin. Açıq-aşkar qoçuluq edirlər. Bunlara dur deyən də yoxdur".
Sürücünün sözlərinə görə, qanuna görə, yük maşınlarının hər oxuna 10 ton yük düşməlidir: "Maksimal kütlə isə qoşqu ilə birlikdə 44 tondan artıq ola bilməz. Avtomobilin daşınan yük ilə birgə h0ündürlüyü 4 metr, eni 2 metr, uzunluğu isə 20 metrdən çox olmamalıdır. Cərimələrdən də xəbərimiz var. Bu qaydalara riayət edilməsə 15-20 manat cərimə ödənilməlidir. Normadan artıq yük götürdükdə və yola ziyan verdikdə 15-20 manatdan əlavə 80-100 manat da ziyana görə cərimə ödənilir. Yollarda post qurublar. Niyə orada yük maşınlarını yoxlayıb yollara buraxmırlar? Çünki qanunla işləsələr, rüşvət ala bilməyəcəklər".
Nəqliyyat reketlərinin hücumları ilə üzləşən sürücülərin sözlərinə görə, son dövrlər müfəttişlər heç bir sənəd təqdim etmədən bildiklərini edirlər. Mülki geyimdə sürücülərə yaxınlaşıb onlardan rüşvət istəyən nazirlik əməkdaşları ilə bağlı ölçü götürülmür, onlara cəza tətbiq olunmur. Halbuki nazir bu hərəkəti edənlərin cəzalandırılacağını, onlara qarşı mübarizə aparıldığını demişdi.
"İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyin baş direktoru, vəkil Mehman Muradlı deyir ki, hansısa yük maşınını saxlamaq çox zəruridirsə, bu zaman müfəttişlər Yol Patrul Xidmətinə məlumat verməlidir: "Nəqliyyat müfəttişlərinin qanunsuz əməlləri ilə bağlı tez-tez şikayətlər eşidirik. Son aylar müfəttişlərin sürücülərlə kobud rəftarı ilə bağlı hüquq-mühafizə orqanlarına da çoxsaylı şikayətlər daxil olub. Müfəttişlər təkcə sürücülərə qarşı deyil, sərnişinlərə qarşı da kobudluq nümayiş etdirir. Bu yolverilməz haldır. Nazirlik məsələ ilə bağlı dərhal hərəkətə keçməlidir. Sürücülərdən açıq-aşkar rüşvət alan, onları döyən, təhqir edən qoluzorlu müfəttişlər dərhal məsuliyyətə cəlb olunmalıdırlar. Məncə bu məsələdə sürücülər həmrəy olmalı, başlarına bu kimi bənzəri olaylar gələrsə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər".
Ümumiyyətlə Nəqliyyat müfəttişliyinin ləğvi və səlahiyyətlərinin Vergilər Nazirliyinə verilməsi mümkündürmü? Nəqliyyat Nazirliyinin müfəttişləri də srücülərin vergiyə cəlb olunması istiqamətində faliyyət göstərirlər. Bu baxımdan onların fəaliyyəti Vergilər Nazirliyinə alternativ xaraxter daşımırmı?
Ekspert Razi Abbasbəyli hesab edir ki, burada dövlət qurumları arasında səlahiyyət bölgüsü prinsiplərinə yenidən baxıla bilər: "Nəqliyyat Nazirliyi ümumiyyətlə inzibati nəzarət mexanizmlərini həyata keçirməməlidir. Yolu inşa edən, yolu qoruyan, sərnişindaşınmanı təşkil edən və sərnişindaşıyanlara cəza kəsən eyni qurumlar ola bilməz. Yollarda bütün növ nəqliyyat vasitələrinin hərəkətinə Dövlət Yol Polisi nəzarət etməlidir. Vətəndaşlara sərnişlin daşınması ilə xidmətlərin göstərilməsinə görə icazəni və bunun icrasına nəzarəti də Nəqliyyat Nazirliyi həyata keçirə bilməz. Ümumiyyətlə Nəqliyyt Nazirliyi nəqliyyatın təşkilində iştirakçı ola bilər. Bu sahənin təsərrüfatının idarəedilməsində iştirak edə bilər. Lakin lisenziya verilməsi, əhaliyə göstərilən xidmətlər və bununla bağlı inzibati nəzarət mexanizmləri qoçuluqla yox, daha sivil formada yol polisi ilə vergi müfəttişləri arasında bölünməlidir. Bu həmin sahədəki anarxiyanın qarşısını ala bilər".

Əli