

Tbilisidə Gürcüstan və Azərbaycan arasında birgə “İpək yolu” beynəlxalq avtomobil keçid məntəqəsi layihəsi üzrə görülən işlərin gedişi ilə bağlı yekun görüş keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Xidmət rəhbəri İrakli Beraya və Asiya İnkişaf Bankının (AİB) missiyasının rəhbəri Unurcarqal Dalayhu gömrük məntəqəsinin inşası ilə bağlı texniki məsələləri və gələcək planları müzakirə ediblər.
İ.Beraya Gürcüstanla AİB arasında məhsuldar əməkdaşlığı qeyd edərək vacib layihənin uğurla həyata keçiriləcəyini və birgə gömrük məntəqəsinin fəaliyyət göstərməsinin dövlətlər arasında tərəfdaşlığın əyani nümunəsi olacağını bildirib.
U.Dalayhu Gürcüstan, Azərbaycan və AİB arasında üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini vurğulayıb. O, Gəlirlər Xidmətinin rəhbərliyinə Azərbaycan, Gürcüstan və AİB nümayəndələrinin iştirakı ilə ötən gün keçirilmiş üçtərəfli görüşün təşkilinə görə təşəkkür edib. Missiya rəhbəri layihənin ikinci mərhələsi üzrə fəal işə başlamağa hazırlığını bildirib.
Gəlirlər Xidmətinin məlumatına əsasən, “İpək yolu” gömrük-keçid məntəqəsi layihəsi müasir standartlara cavab verən infrastrukturun yaradılmasını, vahid idarəetmə sisteminin tətbiqi ilə gömrük nəzarəti prosedurlarının sadələşdirilməsini nəzərdə tutur ki, bu da Gürcüstanla Azərbaycan arasında tranzit potensialının inkişafına əhəmiyyətli töhfə verəcək.
Məntəqənin inşası üçün Gürcüstanın Qardabani rayonunda ərazi seçilib, üçtərəfli görüş çərçivəsində sahəyə baxış keçirilib.