“Tramp dialoq imkanını qorumağa çalışır” Gündəm

“Tramp dialoq imkanını qorumağa çalışır”

ABŞ administrasiyası Ukraynaya dəstəyi həm birbaşa, həm dolayı yollarla həyata keçirsə də, Donald Trampın yanaşması Co Baydendən fərqlənir.

Bunu politoloq Samir Hümbətov Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tramp Ukraynanın silahlandırılmasında tələskən davranmır, çünki hələ də Rusiya ilə müəyyən razılaşma imkanlarının mövcud olduğuna inanır:

“Trampın məqsədi Rusiyanı küncə sıxışdırmaq deyil. O, Moskva ilə dialoq kanallarını açıq saxlamaq, lazım gəldikdə danışıqlar masasına oturmaq istəyir. ABŞ-ın keçmiş prezidentinin sərt təzyiq siyasətindən yayınması həm də onun geosiyasi və iqtisadi maraqları ilə bağlıdır.Əgər Rusiya və Ukrayna arasında hər hansı razılaşma əldə olunarsa, bu Trampın gələcək ticarət imkanlarına ciddi təsir edəcək. Buna görə də o, münasibətləri tam şəkildə korlamaqda maraqlı deyil.
Trampın səbirli davranışı həm də Avropanın məsuliyyəti daha çox öz üzərinə götürməsi məqsədi daşıyır. Tramp istəyir ki, Ukraynaya silah təminatının əsas yükünü Avropa daşısın. Avropa maliyyələşdirsin, Avropada istehsal olunan silahlar verilsin. Çünki sabah Rusiya ilə münasibətlər düzələcəyi halda, bu silahları niyə siz verdiniz? sualına özü cavabdeh olmaq istəmir.”

Politoloq hesab edir ki, Trampın hazırkı mövqeyi həm siyasi riskləri azaltmağa, həm də gələcək danışıqlar üçün əlverişli zəmin saxlamağa hesablanıb.

Günel Elxan