Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər Hadisə

Əhalinin içməli su təminatı:  görülmüş işlər, real vəziyyət və perspektivlər

Əhalinin daha keyfiyyətli içməli su ilə təmin edilməsi, Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərinin içməli suya tələbatının ödənilməsi həyata keçirilən iqtisadi layihələr hesabına zaman- zaman gerçəkləşir. Burada əsas məqsəd, Prezidentin qeyd etdiyi kimi, ilk növbədə bütün paytaxt sakinlərinin 24 saat fasiləsiz su ilə təmin edilməsidir. Dünyada maliyyə böhranının davam etdiyi bir müddətdə iqtisadi inkişaf səviyyəsinə görə digər ölkələri geridə qoyan respublikamız maliyyə potensialından səmərəli istifadə edərək sosial infrastruktur layihələri həyata keçirir. Sahibkarlığın inkişafı üçün mütərəqqi addımlar atılır. Neftdən asılılıq aradan qaldırılır.

Ölkədə su təchizatı infrastrukturunun yaradılması istiqamətində Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Abşeron yarımadasının hər bir yaşayış massivinin fasiləsiz su ilə təmin olunması istiqamətində mühüm tədbirlər görülür. Dövlət başçısı mütəmadi olaraq görülən işlərlə yaxından tanış olur və göstərişlərini verir.
Prezident bu sahəyə xüsus diqqət yetirir. Ölkə başçısının bu barədə çıxışlarından məsələyə nə qədər ciddi önəm verildiyinin şahidi oluruq: "Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının əsas məqsədi də Bakıda və bütün bölgələrdə müasir infrastrukturun yaradılmasıdır. Bu istiqamətdə son illər ərzində çox böyük işlər görülüb.
Bu infrastruktur layihələrinin içində, əlbəttə ki, içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki içməli su insanların həyatına birbaşa təsir edən amildir. Xüsusi qeyd olunmalıdır ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Bir çox şəhərlərimizdə bu layihələrin açılışlarını etmişik. Hələ ki, bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulub ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz olaraq bütün əhaliyə verilsin.

Əlbəttə, Bakı şəhərinin su təsərrüfatı daha da sürətlə yeniləşməlidir. Şəbəkə sistemi hələ ki, bizim standartlarımıza tam uyğun deyil. Ancaq bu istiqamətdə də işlər aparılır və əlbəttə, biz hamımız istəyirik ki, tezliklə bütün şəhərimizdə hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə bilsin...Belə olan halda növbəti illərdə içməli su, kanalizasiya layihələrinin davam etdirilməsi, başa çatdırılması əsas prioritet məsələ olacaq...".

Dünyada ilin 4 böyük və önəmli su layihəsi

Xatırladaq ki, 2015-ci ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünyada ilin 4 böyük və önəmli su layihəsindən biri seçilib. 19-20 aprel 2016-cı il tarixlərdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünya su sənayesinə verilən dəyərli töhfə kimi qiymətləndirilib.
Abu Dabi şəhərində təşkil olunmuş sammitə dünyanın müxtəlif ölkələrindən dövlət və özəl qurumlarının rəsmiləri ilə yanaşı, Su Təsərrüfatı Liderləri Qrupunun üzvü qismində Azərbaycan da dəvət alıb. Beynəlxalq tədbirdə ölkəmizi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin rəsmilərindən ibarət nümayəndə heyəti təmsil edib.
Budəfəki sammitin əsas özəlliyi dünyada ilin ən önəmli 4 iri su layihəsinin müəyyənləşdirilməsi olub. Qlobal Su Təsərrüfatı Liderləri qrupunun 2500 üzvünün iştirakı ilə keçirilən səsvermədə ABŞ, İordaniya və Konqoda tətbiq olunan yeni sutəmizləmə üsulları ilə yanaşı, Azərbaycana məxsus Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2016-cı ildə dünya su sənayesinin ən önəmli layihələri seçilib.

Sutkalıq məhsuldarlıq - 40 min kubmetr

Aprelin 5-də isə Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi "Pirşağı Çirkab Su Təmizləyici Qurğusu" layihəsi üzrə podrat müqaviləsinin imzalanma mərasimi keçirilib. Müqavilə "Azərsu" ASC ilə beynəlxalq tenderin qalibi Koreya Respublikasının "Hansol" EME Co LTD şirkəti arasında imzalanıb.
İmzalanma mərasimində "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su, həmçinin kanalizasiya xidmətləri ilə təmin olunmasını Prezident İlham Əliyevin daim diqqətdə saxladığını və bəzi layihələrin beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırıldığını qeyd edib: "Bu sahədə Koreya Respublikasının maliyyə qurumları və şirkətləri ilə əməkdaşlıq xüsusi qeyd edilməlidir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirdiyimiz layihə çərçivəsində qısa müddətdə Kürdəxanı qəsəbəsinin içməli su təchizatı sistemi yenidən qurulub. Növbəti qrant layihəsi çərçivəsində Beyləqan rayonunun Xocavənd qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi icra olunacaq. Pirşağı qəsəbəsinin yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğunun tikintisi Abşeron yarımadasının kanalizasiya infrastrukturunun inkişafına töhfə verəcək".
"Pirşağı Çirkab Su Təmizləyici Qurğusu" layihəsi çərçivəsində sutkalıq məhsuldarlığı 40 min kubmetr olan müasir tipli bioloji tullantı təmizləyici qurğu tikiləcəkdir. Müasir standartların tələblərinə uyğun olaraq qurğunun qapalı rejimdə layihələndirilməsi, yarana biləcək qoxunun neytrallaşdırılması üçün xüsusi biosüzgəclərdən istifadə olunması nəzərdə tutulur. Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına böyük töhfə verəcək. Yeni qurğu istismara verildikdən, ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrinin tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaq.

Regionllar diqqət mərkəzində

Ölkədə əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçrilən layihələr xüsusi əhəmiyyət kəsb edir. Bu gün respublika ərazisinin 3/4-ü Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbələrindən biri olaraq qalır. Azərbaycana bu çay vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır və hər iki dövlətin şəhərlərinin təmizlənməmiş tullantı sularının Kür çayına axıdılması onun hidrokimyəvi rejiminə və suyun keyfiyyətinə güclü təsir edir. Şirin su ehtiyatlarımızın daha bir qismi Araz çayı hesabınadır ki, bu çay da İran və Ermənistan ərazisində çirklənməyə məruz qalır. Şimaldan - Rusiyanın Dağıstan ərazisindən gələn Samurda da vəziyyətin yaxşı olduğunu söyləmək mümkün deyil.
Azərbaycannın daxili mənbəyi hesabına formallaşan, tarixi hadisəyə çevrilmiş Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi paytaxt sakinlərinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına şərait yaradıb.
"Azərsu" ASC Su Kanal Elmi Tədqiqat Layihə İnstitutunun direktor müavini Adışirin Ələkbərov bildirib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev "Azərsu" ASC-yə müraciət edib və içməli su sahəsində unikal sistem olan kəhrizlərin bərpasına başlanıb: "Ölkəmizdə yaşı 100 illərlə ölçülən kəhrizlər bərpa olunur. Heç bir enerji, mexaniki qüvvə sərf etmədən suyu öz axını ilə yer səthinə çıxaran kəhrizlərin sayı isə Azərbaycanda kifayət qədər çoxdur. Qarşılıqlı proqram əsasında həm mövcud kəhrizlərin istifadəsinin daha da genişləndirilməsini, eləcə də sıradan çıxmış kəhrizlərin bərpa edilməsi və onların istifadəsi istiqamətində iş birliyinə başlanıb".
Bölgələrdə içməli suyun keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərdən danışan Azərsu SC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı dedi ki, Saatlı, Sabirabad, Biləsuvar, Şirvan, Hacıqabul sakinlərinin içməli su təminatı Bakı sakinlərinə verilən içməli suyun keyfiyyətindən geri qalmır: "Lənkəranda su təmizləyici qurğular sayəsində suyun keyfiyyətində problem yoxdur. Eləcə də Quba, Zərdab, Mingəçevirdə içməli su təminatı normaya uyğundur. Növbəti mərhələdə Yevlax, Astara, Gəncə, Şəmkir, Samuxda bu məsələyə baxılır".

Keyfiyyətli su təminatı

Ölkəmizdə əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2007-ci il tarixli, № 2245 saylı Sərəncamını xüsusi olaraq vurğulamaq lazımdır. Kür və Araz çaylarının sularından istifadə edən Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında, habelə Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarında əhalinin su təminatını yaxşılaşdırmaq məqsədi ilə verilmiş sərəncamın 1-ci bəndində deyilir:
- Kür və Araz çaylarının sularından istifadə edən 100 yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 milyon manat məbləğində vəsait ayrılsın.
Ölkə əhalisinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında 06.01.2015-ci il tarixli sərəncamına əsasən Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə Ağsu, Füzuli, Göyçay, İmişli, Kürdəmir, Qax, Sabirabad, Şəki, Ucar və Zaqatala rayonlarının 40 mindən çox əhalisi olan 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5 milyon manat ayrılıb.
Bu sərəncamda müəyyən edilən 48 yaşayış məntəqəsində belə qurğuların quraşdırılması işləri başa çatdıqdan sonra ümumilikdə 320 yaşayış məntəqəsində quraşdırılmış modul tipli sutəmizləyici qurğular hesabına, keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 500 mini ötəcək.
Xatırladaq ki, Bakı şəhərinin və ətraf qəsəbələrin dayanıqlı içməli su təchizatı anbarlar vasitəsi ilə tənzimlənir. Mənbələrdən paytaxta gətirilən su magistral xətlərlə anbarlara ötürülür və buradan şəbəkəyə çatdırılır. Mövcud anbarlar əhalinin dayanıqlı su təchizatının aparılması ilə yanaşı müəyyən ehtiyatın toplanmasına da imkan verir. Yeri gəlmişkən qeyd edək ki, hazırda Bakı şəhərində 13 mərkəzi su anbarı var. Bunlardan əlavə Bakı şəhərində 188 müxtəlif tutumlu məhəllədaxili su anbarı fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrin fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün hazırda Badamdar, Hövsan, Balaxanı, Ramana, Qala, Zirə, Məhəmmədi, Saray qəsəbələrində yeni su anbarları tikilir.

Əli Zülfqaroğlu

Yazı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.