“Qapılarınızı “Azəriqaz”ın işçilərinə açmayın” Hadisə

“Qapılarınızı “Azəriqaz”ın işçilərinə açmayın”

Dövlət Xidməti: Dəm qazından zəhərlənmələrin səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır

"SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları bəzi hallarda qanunu düzgün qəbul etmədikləri və ya anlamadıqları üçün əhalinin və sahibkarların qapısını döyüb qanunsuz olaraq yoxlama aparırlar".
Bunu Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin sektor müdiri Hüseyn İbrahimov bildirib.
Hüseyn İbrahimov bildirib ki, "Azəriqaz"ın əməkdaşlarının etdikləri yolverilməzdir: "Buna baxmayaraq, "Azəriqaz" əməkdaşları bu tip hərəkətlərini davam etdirirlər. Bu isə bir çox hallarda işin məhkəməyə qədər uzanmasına səbəb olur. Əhalidən xahişimiz və tələbəmiz budur ki, qapılarını "Azəriqaz"ın işçilərinə açmasınlar. İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282 və 542-ci maddələrində bunlar təsbit olunub. Qaz paylayıcısı ilə qaz istehlakçısı arasında olan ən ümdə sənəd alqı-satqı müqaviləsidir. "Azəriqaz"ın bu müqavilədən kənara çıxmaq üçün heç bir səlahiyyəti yoxdur. Əgər əvvəl "Azəriqaz" əməkdaşlarının 6 aydan bir istehlakçını yoxlamaq səlahiyyəti var idisə, artıq onların bu səlahiyyəti ləğv edilib və bunu ehtiva edən bənd müqavilədən çıxarılıb. Buna baxmayaraq, "Azəriqaz"ın əməkdaşları yoxlamalar aparırlar. Bu sahədə nəzarəti yalnız Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi apara bilər".

Sektor müdiri əlavə edib ki, istehlakçılar hər hansı neqativ hallarla rastlaşarsa, Dövlət Qaz Nəzarəti İdarəsinə müraciət edə bilərlər. "Müraciət daxil olduğu halda, idarə istehlakçıların hüquqlarını müdafiə edəcək".
Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin baş məsləhətçisi, hüquqşünas Samid Əliyev isə bildirib ki, təbii qazın keyfiyyətinin yoxlanılması ilə bağlı idarənin nəzdində laboratoriya qurulub və hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən akkreditasiyadan keçir. Hüquqşünas qeyd edib ki, laboratoriya 2-3 aya tam fəaliyyətə başlayacaq. "İstehlakçıdan qazın keyfiyyəti və tərkibi ilə əlaqədar olaraq hər hansı şikayət daxil olarsa, Dövlət Xidmətinin əməkdaşları yerində qazın analizini götürəcək, ardından laboratoriyada yoxlayıb, onun standarta uyğun olub-olmadığını təyin edəcək", - deyə o qeyd edib.
Qurum rəsmisi əlavə edib ki, indiyə qədər dəm qazından zəhərlənmə halları baş verən zaman qazın keyfiyyəti araşdırılmayıb: "Biz hesab edirik ki, dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır. Çünki, yanma prosesi düzgün getmir və bunun nəticəsində orada yanmamış qazlar əmələ gəlir. Dövlət Xidməti bu məsələ ilə ciddi məşğul olacaq və bu cür hal və ya hadisə baş verərsə, mütləq qazın tərkibi də araşdırma predmeti olacaq. "Azəriqaz" qazın keyfiyyətini ayda 3 dəfə yoxlamalıdır. Lakin bunu edirlərmi? SOCAR qazı özü istehsal edir. Bundan başqa, qazı satan, yəni istehlakçıya çatdıran, keyfiyyətini yoxlayan da özüdür. Dövlət standartlarına uyğun olaraq hər bir kubmetr üçün 7 600 kilokalori istilik ötürmə qabiliyyəti nəzərdə tutulur. Amma "Azəriqaz" əməkdaşları bunu dövlət müqavilələrində 8 000 kilokalori kimi qeyd edir. Onlar əmin edirlər ki, onları qazın keyfiyyəti yüksəkdir, lakin evimizdə çaydan 3 saata qaynayır. Əslində, bu, istehlakçının hüquqlarının pozulması deməkdir. Qazın tərkibində hava qarışığı olmalıdır. Amma bu hava qarışığı həddindən artıq çox olarsa, partlayışa səbəb olar. Belə hallar isə son zamanlar çox olub".