Yol polisinin funksiyaları azaldılır Hadisə

Yol polisinin funksiyaları azaldılır

Ərşad Hüseynov: "Radar və kameraların "ASAN xidmət"in informasiya sistemi ilə əlaqələndirilməsi şəffaflığı təmin edəcək"

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikləri təsdiq edib. Dəyişikliyə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud digər nasazlıqlara görə, cərimənin məbləği 150 manatdan 50 manata endirilib. Amma ən mühüm dəyişiklik yol hərəkətinə nəzarət edən qurğuların, yəni radarlar və kameraların "ASAN xidmət"in informasiya sisteminə birləşdirilməsidir. Yəni, DYP-nin əməkdaşları ASAN xidmətdə video, foto kameralara baxıb qayda pozuntusunu müəyyən edəcəklər və cərimə haqda bildirişi vətəndaşa mesajla göndərəcəklər.
Bundan başqa, dəyişikliklərə görə, kameraların və radarların köməyi ilə pozuntu aşkarlananda bu barədə protokol xətanı törətmiş şəxsin iştirakı olmadan "ASAN" xidmətdə tərtib olunacaq. Yəni, radar və kameralar vasitəsilə aşkar edilən pozuntulara görə, sürücülərin DYP-yə çağırılması, hətta yol polisinin avtomobili dayandıraraq belə xətalar haqqında protokol tərtib etməsini də qadağan edir. Söhbət məsələn, avtomobili yolun ortasında saxlamaq, qırmızı işıqda keçmək, yol nişanlarına əməl etməmək, sürət həddini aşmaq və hadisə yerindən yayınmaq kimi hallardan gedir.
Məcəlləyə ən mühüm dəyişikliklərdən biri cərimələrin gecikdirilməsi ilə bağlıdır. Əvvəla, indi cərimənin ödənilməsinə görə, əvvəlki kimi 3 ay yox, 2 ay vaxt veriləcək. Belə ki, indiyədək cərimələri 3 ay müddətinə ödəmək olardısa, indi 2 ay ərzində cərimə ödənilməsə, sürücülük vəsiqəsi alınacaq. Bu dövrədək isə dəbbə pulu əvvəlki qayda ilə - hər gecikdirilən günə görə, 2% olmaqla hesablanacaq.
Qeyd edək ki, bəzi yol polislərinin məsuliyyətsiz davranışları ilə bağlı dəfələrlə yazılıb.
Msələn, hər gün insan ölümünə səbəb olan ağır yol qəzaları paytaxt sakinlərinin həyatında adi hadisəyə çevrilib. Təəssüfedici bir məqamdır ki, belə problemlər həll olunmaqdansa, getdikcə dərinləşir. Paytaxt sakinləri isə bunun səbəbini Bakı şəhər Yol Polis İdarəsi əməkdaşlarının məsuliyyətsiz və vəzifələrinə barmaqarası yanaşmalarında görürlər.
İlk öncə qeyd edək ki, Bakı şəhər Yol Polis İdarəsindən dəfələrlə məsələyə münasibət bildirərkən, məsuliyyətin vətəndaşların üzərində olduğu bildirilib. Yol polisi vəzifəsini təkcə maarifləndirmə tədbirlərini keçirməklə, reydlər təşkil etməklə bitdiyini düşünür. Tıxac məsələlərinə gəlincə, Bakıdakı yol polisləri burada aciz olduqlarını özləri də etiraf edirlər. Bəlkə də, bu səbəbdəndir ki, yol polislərini tıxac hökm sürən ərazilərdə çox nadir oallarda görürük. Sürücülər isə bunun səbəbini Bakıda yol polislərinin yalnız oansısa ağac altında, xəlvətdə dayanıb, "ov" axtarmalarında görür. Onların fikrincə Bakı yol polisi sürücüləri qaydanı pozmağa təhrik edir.
"Saatlarla yollarda qalırıq. Çox vaxt polis görünmür. Məcbur olub özümüz düşüb yolu açırıq. Lakin yol baş olanda addımbaşında yol polisi dayanır. Çoxu da, gizlin yerlərdə dayanırlar ki, birdən kimsə qaydanı pozar", - deyə Samir Abdullayev adlı sürücü bildirib.
Elə hallar da olur ki, Bakıda yol polisləri radara düşən sürücüləri yola verirlər. Belə sürücülər əsasən cəmiyyətin tanınmış şəxsləri olur. Əsasən tanınmış idmançılar, müğənnilər və digər sahədə çalışanlar üçün Bakıda həmişə "yaşıl işıq" yanır. Hətta onlar qayda pozanda belə. Misal üçün bu yaxınlarda Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev müsahibəsində radara düşən zaman paytaxtın yol polislərinin onun cəriməsini sildiklərini etiraf etmişdi.
Elə müğənni Rəqsanənin qızı da mətbuata açıqlamasında Bakıda maşın sürəndə qayda pozuntusuna yol verən zaman anasının adını çəkərək məsuliyyətdən yayındığını demişdi.
Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev bildirib ki, Bakıda yol polislərinin çoxu vətəndaşlarla düzgün rəftar etməyi bacarmır: "Bakıda xidmətə başlayan yol polisləri mütləq psixoloji müayinədən keçməlidir. Bundan başqa, insanlarla normal rəftar etməyi bacarmayan yol polisi əməkdaşlarına təlim keçilməlidir.
Nəqliyyat sahəsi üzrə ekspert Məzahir Rüstəmov da Bakıda yol polislərinin işə bir qədər məsuliyyətli yanaşmağa dəvət edib. Onun szölərinə görə, ilk öncə yol polisi vətəndaşlarla sıx münasibətdə olmalı və mətbuatla işləməyi bacarmalıdır: "Hansısa ərazidə tikinti aparılırsa və bununla bağlı ərazi bağlanırsa, o zaman bu barədə yol polisi mütləq vətəndaşlara əvvəlcədən məlumat verməlidir. Bundan əlavə, tikinti-təmir işləri gedən ərazidə mütləq nişanlar qoyulmalıdır. Bunu da Bakı şəhər yol polisi həyata keçirməlidir".
Bəs inzibati xətalar məcəlləsinə edilən dəyişiklik yol polisinin funksiyasına necə təsir göstərəcək?
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyib ki, inzibati xətalar məcəlləsinə edilən dəyişiklik yol polisinin funksiyalarını azaldır. Mütəxəssis hesab edir ki, qanundakı yeniliklər Baş Dövlət Yol Polis İdarəsinin mahiyyətinin dəyişdirilməsini nəzərdə tutur. Yeni qanunla radar və kameralar vasitəsilə aşkar edilən qanun pozuntularına görə sürücülərin DYP-yə çağırılması, hətta yol polisinin avtomobili dayandıraraq bu cür xətalar barədə protokol tərtib etməsi qadağandır: "Bu o deməkdir ki, artıq sürücülərə yol polisindən zəng etməyəcəklər. Bundan əlavə, artıq kamera olan yerdə yol polisinin sürücünü saxlamasına ixtiyarı çatmır. Əgər bir sürücü işıqforun qırmızı işığından keçirsə, bu zaman polis onu saxlamamalıdır, onsuz da kamera çəkib və müvafiq protokol yazılacaq".
Məcəlləyə ən mühüm dəyişikliklərdən biri də gecikmiş cərimələrlə bağlıdır. Qonaq gecikmiş cərimələrin ödənilməsinə də aydınlıq gətirib: "İndi cərimənin ödənilməsi üçün əvvəlki kimi 3 ay yox, 2 ay vaxt veriləcək. Bu qanun 4 mart 2014-cü il tarixli fərmanla qüvvəyə minirdi. Əvvəlki qanuna görə, sürücünün ödənilməyən cəriməsinin üstünə 180 %-ə qədər əlavə gələ bilərdi. Bu qanuna görə, həmin məbləğ 120 % arta bilər. Ümumiyyətlə, bu sistemin, yəni məsuliyyətə cəlbetmə mexanizminin özü yenilənir. Amma hələ görüləcək işlər çoxdur. Problemlər ortaya çıxacaq. Bunun üçün xarici təcrübədən istifadə edilməlidir".
Ərşad Hüseynov yol polisinin gizli radarlardan istifadə etməsinə də münasibət bildirib: "Yol polisinin gizli radarlardan istifadə etmək hüququ var. Yollarda təhülükəsizliyi qorumaq üçün bu radarların rolu istisna olunmur. Artıq hər bir sürücü bilməlidir ki, istənilən yol nişanı qaydasını pozmağa görə elektron protokol tərtib olunacaq. Kameralar vasitəsi ilə sürət həddini aşmaqdan tutmuş motosiklet sürərkən qoruyucu kaskadan istifadə etməməyə qədər kiçik qayda pozuntularına görə də protokol tərtib olunub, sms-lə sürücülərə göndəriləcək. Lakin qeyd etmək lazımdır ki, bura ehtiyat kəmərin taxılması daxil deyil. Yəqin ki, bunun da səbəbi kameralarda bəzən görüntülərin dəqiq olmaması ilə bağlıdır".
Yeni qaydalara görə, yol hərəkətinə nəzarət edən qurğuların, yəni radar və kameraların "ASAN xidmət"in informasiya sistemi ilə əlaqələndirilməsi ən diqqətçəkən bir haldır. Ərşad Hüseynovun fikirincə, bu sistem şəffaflığı təmin edə bilər: " Qeyd etdiyim kimi, prezidentin "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" fərmanı bir növ Baş Dövlət Yol Polis İdarəsinin mahiyyətinin dəyişdirilməsi nəzərdə tutur. Bu isə həmin idarənin "ASAN xidmət"lə əlaqələndirilməsi şəklində ola bilər. Düzdür, yenə də video, foto və kameralara baxaraq qayda pozuntusunu müəyyən edib, cərimə haqda bildirişi vətəndaşa mesajla göndərən DYP-nin əməkdaşıdır. Amma bu, tamamilə yeni bir iş sistemi olacaq. Sadəcə, qanunla sürücü və yol polisi arasında ünsiyyət azalır".
Yeni qanuna görə, mərkəzi inteqrasiya sistemində qeydiyyatdan keçməmiş radarların informasiyası yararsızdır. Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert hesab edir ki, bütün hallarda sürücülərin cərimələnməsi dəlil, sübut əsasında aparılmalıdır. Ekspert bəzən magistral yollarda iki radarın göstəricisinə əsasən onlar arasında sürətin müəyyənləşdirilməsini qeyri-qanuni hesab edir: "Azərbaycanda iki radar arasında sürət həddinin ölçülməsi və cəza müəyyənləşdirilməsi qeyri-qanunidir. Çünki qanunvericilikdə belə bir maddə yoxdur".

Əli