DAK qondarma soyqırımla bağlı bəyanat yaydı Hadisə

DAK qondarma soyqırımla bağlı bəyanat yaydı

"Yüz ildən çoxdur türk milləti erməni şovinistlərinin terror, işğal və soyqırımı siyasətindən əziyyət çəkir"

Aprelin 24-də Dünya Azərbaycanlıları Konqresi bəyanat yayıb. Bəyanatda deyilir: "Yüz ildən çoxdur türk milləti erməni şovinistlərinin fiziki və mənəvi terrorundan, işğalçılıq və soyqırımı siyasətindən əziyyət çəkir.
Qonşu xalqlara qarşı ərazi iddialarına və bunun vasitəsi kimi seçdikləri etnik təmizləmə siyasətinə haqq qazandırmaq üçün erməni millətçiləri guya 1915-ci ildə Osmanlı Türkiyəsi tərəfindən soyqırımına məruz qaldıqları barədə uydurmalara istinad etməyə çalışırlar. Halbuki elmi həqiqətlərə sadiq qalan tədqiqatçı alimlər, o cümlədən Avropa alimləri tarixdə heç bir erməni soyqırımının baş vermədiyini çoxdan sübuta yetiriblər. Qondarma erməni soyqırımı xəstə təxəyyülün məhsuludur və saxta sənədlərə əsaslanır".
Bəyanatda qeyd olunur ki, XIX əsrin sonlarından etibarən çar Rusiyasının gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri Anadoluda və Cənubi Qafqazda kütləvi terror aktları və qırğınlar törədərək yüz minlərlə günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirib, saysız-hesabsız yaşayış məntəqəsini viran qoyub, qədim mədəniyyət abidələrini, qəbiristanlıqları yerlə-yeksan edib, bu ərazidə türk varlığının bütün nişanələrini məhv etməyə çalışıblar.
1905-1907-ci, 1918-1920-ci illərdə İrəvanda və Zəngəzurda, Tiflisdə, Bakıda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, habelə Qarabağda, Muğanda və digər yerlərdə, I Dünya müharibəsi illərində Şərqi Anadoluda - Ərzurumda, Qarsda, Ərdəhanda, Adanada dinc əhaliyə amansızcasına divan tutulub. Ermənilər Güney Azərbaycanda - Urmiyada, Təbrizdə, Xoyda, Köhnəşəhərdə, Salmas və başqa ərazilərdə də kütləvi qırğınlar törədərək 130 mindən çox Azərbaycan türkünü faciəvi şəkildə qətlə yetiriblər.
Ermənilərin törətdikləri cinayətlərin günümüzə qədər davam etdiyi xatırladılan bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalıda bəşər tarixində ən böyük müsibətlərdən biri olan müdhiş soyqırımı aktı törətdikləri də vurğulanır: "Ermənistanın ölkəmizə təcavüzünün başlandığı vaxtdan erməni terrorçu təşkilatları Azərbaycana qarşı 32 terror aktı törətmişlər. Bu terror aktlarının birbaşa nəticəsi kimi 2 mindən çox Azərbaycan vətəndaşı həlak olub, on minlərlə adam yaralanıb. Ancaq bu gün qondarma erməni soyqırımı tez-tez dünya gündəminə gətirildiyi halda ermənilərin yaxın keçmişdə türk millətinə qarşı törətdiyi soyqırımı hələ də beynəlxalq aləmdə tanınmır və hadisəyə dünya ictimaiyyəti tərəfindən obyektiv siyasi, hüquqi qiymət verilməyib".