Yasamalda hərbi-vətənpərvərlik tədbiri Hadisə

Yasamalda hərbi-vətənpərvərlik tədbiri

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən Yasamal Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında müstəsna xidmətlərindən danışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov regionda baş verən hərbi-siyasi proseslərdən danışaraq bildirib ki, artıq Azərbaycan iqtisadi, siyasi və hərbi qüdrətinə görə regionun lider ölkəsi hesab edilir.
Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev qeyd edib ki, Azərbaycan gəncliyi vətənpərvər olduğunu daim sübut etmişdir.
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı çıxışında şəhid ailələrinə və müharibə veteranlarına dövlət səviyyəsində göstərilən qayğıdan danışıb.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird və N saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər mükafatlandırılıb.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Yasamal rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış edib.