
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın məhdud su ehtiyatlarından səmərəli istifadə və alternativ mənbələrdən istifadənin təşviqi” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir iyulun 24-də Şəkidə keçirilib. Şəki Dövlət Regional Kollecində baş tutan tədbirdə kollec rəhbərliyi, Şəki şəhər bələdiyyəsi, Şəki rayon kəndlərindən Baltalı, Oxud, Aşağı Küncüt, Kiş, Qoxmuq, Orta Zəyzid, Qudla, Şorsu, Daşüz, İncə, Baş Zəyzid kəndlərinin icra və bələdiyyə təmssilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri açan Dövlət Regional Kollecin direktor müavini Ənvər Hüseynov problemin katual olduğunu vurğulayıb. O, Şəki əhalisinin ekoloji problemlərə həssas yanaşdığını və bu sahədə kifayət qədər iş görüldüyünü bildirib.
Çıxış edən “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov layihənin su problemləri ilə bağlı olduğunu vurğulayıb.
“Şəki rayonu Azərbaycanın şimal-qərb hissəsində, 2.43 min km² ərazidə, Böyük Qafqazın cənub yamaclarında yerləşən ən iri iqtisadi, sənaye və kənd təsərrüfatı mərkəzlərindən biridir. Əhalisi 190 min nəfərdir. Əhalinin 68 min 346 nəfəri şəhərdə, qalan hissəsi kəndlərdə yaşayır. Əkin sahələri əsasən taxılçılıq, tütünçülük, baramaçılıq, meyvəçilik və heyvandarlıq üçün geniş əkin sahələrinə sahibdir. Subartezian və artezian quyuları vasitəsilə minlərlə hektar əkin sahəsinin suvarılması təmin edilir. Ərazi çay şəbəkəsi baxımından zəngindir (Əyriçay, Kiş çayı, Şin çayı və s.). Suvarma və kənd təsərrüfatının su ilə təchizatı həcmi illik 95-115 milyon kubmetr civarında dəyişir. Rayonda həmçinin subartezian quyuları da su təchizatının mühüm hissəsini təşkil edir, hər il 73 min hektardan çox sahədə bitkiçilik məhsulları becərilir. Əsas istehsal sahələri Dənli və paxlalalı bitkilər hər il 60-65 min hektar sahədə buğda və arpa əkilir. Meyvəçilik və Üzümçülük rayon ərazisində təxminən 7500 hektara yaxın meyvə və giləmeyvəlik, həmçinin 300 hektardan çox üzüm bağları mövcuddur. Son illərdə müasir intensiv meyvə bağlarının sayı sürətlə artır. Heyvandarlığın inkişafı üçün təxminən 4 min hektar sahədə yem bitkiləri (əsasən yonca) becərilir. Tütünçülük Şəkidə ənənəvi sahə sayılır və hər il 1100 hektardan çox sahədə texniki bitkilər əkilir. Təxminən 800 hektardan çox tərəvəz və 680 hektardan çox sahədə kartof istehsal olunur. Məlumatlardan belə məlum olur ki, rayon iri və müxtəlif çeşidli əkinçiliyə və heyvandarlığa malikdir”-deyə, o, bildirib.
S.Həsənov qeyd edib ki, dünya üzrə su ehtiyatları çox azdır, baxmayaraq ki, yer kürəsinin 70%-i su ilə örtülüdür, bu suların cəmi 3,5% içməli su kimi istifadə olunur:
“Bu da əsasən çaylar, göllərdə formalaşır. Azərbaycanda bu ehtiyatlar daha azdır və Cənubi Qafqazda ən az su ehtiyatına, cəmi 28% malikdir. Bu ehtiyat Gürcüstanda 85%, Ermənistanda 82% təşkil edir. Oğuz rayonu digər rayonlarla müqayisədə daha çox su ehtiyatına malikdir, burada həm yeraltı həmdə yerüstü su ehtiyatları var”.
S.Həsənov davam edərək bildirib ki, ölkə üzrə qəbul edilən dövlət proqramında (2026-2030) əkin sahələrinin müasir suvarma sistemləri və qurğularının tətbiqi gözlənilir.
“Təxminən 310 min ha ərazinin müasir suvarma ilə təchizatı gözlənilir. Kənd təsərrüfatı üzrə suvarılan əkin sahələrinin ümumilikdə təxminən 10 faizində müasir suvarma sistemləri (damcı, yağmurlama və pivot(mərkəzi oxlu suvarma)) qurulub. Damcı suvarma xüsusilə intensiv meyvə və tərəvəzçilikdə geniş tətbiq olunur, qalan əkin sahələrində isə əsasən ənənəvi (səthi) suvarma üsulları üstünlük təşkil edir. S.Həsənov çıxışında su istifadəsi və qənaəti ilə bağlı geniş məlumatı iştirakçılara təqdim etdi”-deyə, QHT sədri bildirib.
İctimai müzakirədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qoxmuq kənd bələdiyyəsinin sədri Əliheydər Abdullayev yağış sularından istifadənin mümkünlüyü haqqında sual verib. Təqdimatçı yağış suyundan istifadə üzrə dünya təcrübəsindən məlumat verib. Ə.Abdullayev davam edərək kəndin su təsərrüfatı barədə danışıb:
“Kənddə su çatışmazlığı bəzən olur, çünki burada əsasən artezian quyularından istifadə olunur və yay aylarında əkinin suvarılması və meyvəçiliyin inkişafı zamanı bəzi kəndlərdə su çatışmadığından qismən əziyyət çəkirlər. Kənd əhalisi əsasən arezian quyularından və kanallarla gələn su dan əkin suvarmaq üçün istifadə edir. Bu il su ilə bağlı hələlik problem yoxdur”.
Orta Zəyzid kəndi üzrə icra nümayəndəsi Xuraman Mustafayeva bildirib ki, bölgədə həm suvarma, həm də içməli su ilə təminat yaxşı səviyyədədir.
Kollecin direktor müavini Ə. Hüseynov sual verərək bildirib ki, neft hasil edildikdən onun yerinə nə vurulur və bu su ehtiyatına təsir edirmi? S.Həsənov deyib ki, neft quyularından neftlə birgə çıxarılan lay suyu yenidən həmin boşalmış laylara vurulur və burada su ehtiyatının azalmasına təsir yoxdur.
Şorsu Bələdiyyəsindən Telman Rəsulov qeyd edib ki, su hövzələrinin daş və çınqıldan təmizlənməsinə imkan verilmədiyindən çaylar bəzən daşır. Baltalı kənd icra nümayəndəsi Ayxan Vəliyəddinov çay yataqlarının mütəmadi təmizlənməsinin vacibliyini vurğulayaraq bildirib: “Kiş çayı və digər çayların məcraları müntəzəm təmizlənmədiyindən güclü yağışlar zamanı sel təhlükəsi yarana bilir. Bu istiqamətdə müvafiq tədbirlərin görülməsi və dəstəyin göstərilməsi məqsədəuyğun olardı”. Dəyirmi masada iştirak edən bir çox bələdiyyə sədri və icra nümayəndələri də müxtəlif təklif və təşəbbüslərlə çıxış edərək mövzu ətrafında fəal müzakirələr aparıblar.




