“Həccə moda xətrinə getmək olmaz” Hadisə

“Həccə moda xətrinə getmək olmaz”

Azərbaycanda əhalinin 96 faizi müsəlman, 4 faizi isə digər dinlərin nümayəndələridir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda tarixdə sünni-şiə problemi özünü ciddi şəkildə göstərməyib: "Bu məsələni indi bəzi qüvvələr qabartmaq, qızışdırmaq istəyirlər".
Komitə sədri bildirib ki, dində etdiyin əməli gözə soxmaq olmaz: "Həcc ziyarətinə moda xətrinə getmək olmaz. Həcc ziyarəti çox mühüm mənəvi əməldir. Həcc ziyarətinə getmək üçün mənəvi, psixoloji, fiziki, maddi baxımdan hazır olmalısan. Bəziləri həccə ona görə gedirlər ki, qayıtdıqdan sonra buna cəmiyyətdə hacı desinlər. Dinə gəlirsinizsə, düz-əməlli gəlin. Bəziləri az qala hamıya deyir ki, oruc tutram, namaz qılıram. Sən bir müsəlman kimi bunları etməlisən. Bunu niyə hamıya deyirsən? Bəziləri isə məsciddən çıxıb dinə zidd hərəkətlər edirlər. Bu, yolverilməzdir".