Bilik Fondunda “Puşkin İnstitutu” tərəfdaşlıq şəbəkəsi mərkəzi yaradılıb Hadisə

Bilik Fondunda “Puşkin İnstitutu” tərəfdaşlıq şəbəkəsi mərkəzi yaradılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda "Puşkin İnstitutu" tərəfdaşlıq şəbəkəsi mərkəzi yaradılıb. Dekabrın 19-da mərkəzin açılışına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bilik Fondu və Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun nümayəndələri, rus dili müəllimləri iştirak ediblər. Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bildirib ki, bu qurum ilə A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu arasında imzalanmış müqaviləyə əsasən, fond "Puşkin İnstitutu"nun əməkdaşlıq şəbəkəsinə üzv olmaqla institutun federal proqram çərçivəsində həyata keçirdiyi 2016-2020-ci illərdə "Rus dili" layihəsinə qoşulur.
Yaradılan "Puşkin İnstitutu" tərəfdaşlıq şəbəkəsi mərkəzi barədə məlumat verən O.Səmədov qeyd edib ki, bu mərkəz Bilik Fondu ilə institut arasında imzalanmış müqavilə çərçivəsində təşkil olunub. Burada rus dili üzrə kurslar, təlimlər keçiriləcək. A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun innovasiya fəaliyyəti və distant təhsil formaları üzrə prorektoru Marina İvanovna Bilik Fondunun maarifləndirici layihələrinin əhəmiyyətini vurğulayıb.
Təmsil etdiyi qurumun fəaliyyəti və əməkdaşlıq şəbəkəsi haqqında danışan prorektor bildirib ki, təhsil müəssisəsi distant tədrisin texnoloji imkanlarından faydalanmaqla rus dili müəllimlərinin ixtisasartırma və xarici dil kimi rus dilinin tədrisi sahəsində təkmilləşməsinə imkan yaradır. Sonra Bilik Fondunda "Puşkin İnstitutu" tərəfdaşlıq şəbəkəsi mərkəzinin fəaliyyətinə dair müqavilə imzalanıb. Mərkəzin bazasında rus dili müəllimlərinin ixtisasartırma kurslarının, təhsilalanların müxtəlif kateqoriyaları üçün rus dili tədrisi kurslarının təşkili, rus dili üzrə sertifikasiya üçün test imtahanlarının, həmçinin mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu rus dilinin tədrisi, rus dili sahəsində pedaqoji kadrların hazırlanması, rus dilinin xarici dil kimi tədrisi metodikasının işlənməsi sahəsində çoxillik təcrübəyə malikdir. İnstitutun filologiya fakültəsində rusiyalı və xarici tələbələr təhsil alırlar.