ADU-da tələbələr dövlət imtahanının bərpasına etiraz edirlər Hadisə

ADU-da tələbələr dövlət imtahanının bərpasına etiraz edirlər

Nazir müavini: "Tələbələrin fikirləri nəzərə alınmaqla qərar qəbul ediləcək"
"Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin bütün fikirləri nəzərə alınacaq, ölçülüb-biçiləndən sonra qərar qəbul ediləcək". Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov ADU-da tələbələrlə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, tövsiyələr ali məktəbin Elmi Şurasına veriləcək. Nazir müavini qeyd edib ki, mayın 31-də Elmi Şuranın iclasında veriləcək qərarda tələbələrin bütün fikirləri nəzərə alınacaq: "İndiki halda gələcəyin ziyalıları olacaq tələbələr qəbul olunan qərarları, prosedurları qəbul etməli, onlara hörmətlə yanaşmalıdır. Bu gün kifayət qədər fikirlər eşitdik. Yeni fərqli fikirlər varsa, dinləməyə hazırıq. Azərbaycan Dillər Universitetinin tələbələri hər zaman yüksək təhsili, göstəriciləri ilə digər ali məktəblərin məzunlarından fərqlənir".
Nazir müavini qeyd edib ki, hər tələbə təhsil aldığı 4 ildə yaxşı nəticə göstərmək, yüksək səviyyədə dövlət imtahanı vermək, bakalavr diplomu almaq, əmək bazarına daxil olmaq barədə düşünməlidir. Tədris ilinin sonunda ortaya çıxan hansısa sürprizə reaksiyalar başadüşüləndir: "İmtahanlarda yeniliklər barədə qərar Elmi Şurada qəbul edilir. Uzun illər ADU-da yekun dövlət imtahanlarının formatı fərqli olub. 91 baldan yuxarı olanlar buraxılış işi yazıb, digərləri isə hesabat veriblər. 2016-cı ilin iyun ayında Elmi Şura 2016/17-ci tədris ilindən etibarən dövlət imtahanının yeni formatda keçirilməsi barədə qərar qəbul edib. Tələbələrin əsas narazılığı materialların, mövzuların adlarının dekabrda dərc olunması, sorğuların yanvarda verilməsidir. Bundan başqa tələbələr mövzuların, fənlərin sayının çoxluğundan şikayət edilər, bildirirlər ki, 8 fənn üzrə materialın öhdəsindən gəlmək çətindir".
Qeyd edək ki, universitetin tələbələri dövlət imtahanının bərpasına etiraz edirlər. Azərbaycan Dillər Universitetinin rektoru Əfqan Abdullayev tələbələrin narazılığına aydınlıq gətirib. ADU-nun rektoru Əfqan Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu vaxta kimi ali məktəbdə dövlət imtahanı olub, sadəcə 2016/2017-ci tədris ilindən forması dəyişib. Onun sözlərinə görə, bununla bağlı ötən ildən ali məktəbin şurası tərəfindən müvafiq qərar verilib. Rektor qeyd edib ki, tələbələr bu vaxta kimi ali məktəbi bitirəndə, yalnız 1,5 səhifə hesabat yazıblar: "Məsələn, mən universitetdə oxudum, filan müəllim dərs dedi, filan fənlərdə iştirak etmişik. Akademik olaraq ali məktəbdə imtahan forması kimi yekun buraxılış dövlət attestasiyası olmayıb. 3 aydır ki, burada rektor kimi fəaliyyət göstərirəm. 2016-cı ilin 20 iyul tarixində isə Azərbaycan Dillər Universitetinin Elmi şurasının 68 nömrəli qərarı olub ki, 2016/2017-ci tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunsun".
Rektor qeyd edib ki, Azərbaycanda 52 universitetdə dövlət imtahanı - yekun buraxılış dövlət attestasiyası keçirilir. Bunun da 2 forması var - yazılı dövlət imtahanı və buraxılış işi. "Burada qeyri-adi heç nə yoxdur. Dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na və Təhsil Nazirliyinin əmri ilə həyata keçirilir. Buraxılış işini orta müvəffəqiyyət göstəricisi 91-dən yuxarı olan tələbələr yazır. Onların da sayı 92 nəfərdir. Hazırda narazılıq edənlərin əksəriyyəti oxumayan tələbələrdir. Dövlət imtahanı isə əsasnaməyə uyğun olaraq ixtisas fənlərindən verilir. Bu da ixtisaslar üzrə 4-5-6 fənn ola bilər", - deyə o vurğulayıb.
Rektor qeyd edib ki, bu gün Təhsil Nazirliyinin müvafiq şöbəsinin nümayəndələri ilə tələbələrin görüşü keçiriləcək. Onun sözlərinə görə, dövlət imtahanı ləğv olunsa, ona da əməl ediləcək: "Bu məsələ ilə bağlı nazirlik tərəfindən hansı qərar verilirsə, onu yerinə yetiririk".