Sərsəng su anbarı ilə bağlı vəziyyət Avropa Parlamentində müzakirə edilib Hadisə

Sərsəng su anbarı ilə bağlı vəziyyət Avropa Parlamentində müzakirə edilib

Cavanşir Feyziyev: "Hər hansı fəlakət baş verərsə təxminən yarım milyon əhali su altında qala bilər"

Mayın 31-də Avropa Parlamentində Sərsəng su anbarı ilə bağlı tədbir keçirilib. Avropa Parlamentinin üzvləri İvo Vayql, Tamaş Mesiriç və Fabio Kastaldonun ev sahibliyi etdiyi tədbirdə Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında olan Sərsəng su anbarının ətraf rayonların əhalisi üçün yarada biləcəyi fəlakətə xüsusi diqqət yetirilib.
Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev tədbirdə xüsusi qonaq statusu ilə iştirak edib.
İvo Vayql Sərsəng su anbarının Ermənistanın nəzarəti altında olduğunu, texniki baxışların və təmirin həyata keçirilmədiyini bildirib və bunun doğurduğu risklərdən danışıb. O, bölgədə yaşayan Azərbaycan əhalisi üçün böyük təhlükələrin olduğunu narahatlıqla qeyd edib.
Daha sonra çıxış edən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təmsilçisi Torsten Ahren bu halın ortadan qalxması üçün münaqişə tərəfləri arasında əlaqələrin yaradılmasının vacibliyinə diqqət çəkib. Aİ rəsmisi bu istiqamətdə İttifaqın hərtərəfli dəstək verməyə hazır olduğunu ifadə edib.
Tədbirdə, Britaniya Kral Kollecinin təmsilçisi Treysi Cerman, LİNKS təşkilatının direktoru Denis Sammut, Beynəlxalq Xəbərdarlıq Mərkəzinin rəhbəri Marina Naqayi da çıxış edib.
Dinləmələrdə iştirak edən Ermənistan təmsilçiləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin yalnız ATƏT-in Minsk qrupu səlahiyyətlərinə aid olduğunu önə çəkərək mövzunun Avropa Parlamentinin gündəminə çıxarılmasının məqsədəuyğun olmadığını bildiriblər. Ermənistan səfirliyinin müşavirinin tədbirlə bağlı iradlarına cavab olaraq İvo Vayql münaqişənin həlli ilə yalnız Minsk qrupunun məşğul olmasının iddia edilməsini doğru hesab etmədiyini bildirib. O qeyd edib ki, Minsk qrupu münaqişə ilə bağlı mövcud olan bütün sualların cavabı deyil və beynəlxalq ictimaiyyət, xüsusilə Avropa təsisatları bu münaqişəyə və onun doğurduğu nəticələrə daha çox diqqət ayırmalıdır.
Daha sonra çıxış edən Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev işğal nəticəsində Sərsəng su anbarının Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçməsi, bunun Dağlıq Qarabağ və ətraf bölgələr üçün yaratdığı problemlər haqda tədbir iştirakçılarına ətraflı məlumat verib. Millət vəkili Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarının bu problemdən ən çox zərər çəkən bölgələr olduğunu, bu rayonlarda əhalinin içməli və təsərrüfat suyundan məhrum edildiyini, nəticədə dinc əhalinin əsas gəlir sahələri olan kənd təsərrüfatı ilə məşğul ola bilmədiklərini, bütün bunların isə regionun sosial-iqtisadi inkişafına mənfi təsir göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Sərsəng su anbarında hər hansı fəlakətin baş verəcəyi təqdirdə sözügedən 6 regionun və təxminən yarım milyon əhalinin su altında qalacağına xüsusi diqqət çəkib.