İdarəetmə, dövlət idarəetməsi və dövlət hakimiyyəti Hadisə

İdarəetmə, dövlət idarəetməsi və dövlət hakimiyyəti

Azərbaycan xalqı öz müstəqilliyini qazandıqdan sonra özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ölkədə dövlət quruculuğuna başladı. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixdə referendum yolu ilə qəbul edilmiş ilk milli konstitusiyasında respublikamızda aparılan dövlət quruculuğunun məqsəd və istiqamətləri öz dəqiqliyi ilə müəyyən edilmiş, dövlət qulluğuna və dövlət idarəetməsinə dair müasir qanunvericiliyin inkişafında öz əhəmiyyətinə görə xüsusi statusa malik olmuşdur. Dövlət qulluğu və dövlət idarəetməsi sahəsində qəbul edilmiş hüquqi sənədlər böyük tarixi və siyasi-hüquqi əhəmiyyət kəsb edir. Müasir hüquqi demokratik Azərbaycan Respublikasının sürətli inkişafı prosesində dövlət qulluğu və idarəetmə sahəsində uğurla həyata keçirilən səmərəli islahatlar dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi ilə xarakterizə edilir.
Azərbaycan RespublikasıKonstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
-məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Konstitusiyanın 7-ci maddəsinin 4-cü hissəsinə əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Azərbaycan Respublikasının suverenlik əldə etməsi, müstəqilliyin bərpası dövlət fəaliyyətinin genişlənməsinə, onun rolunun artmasına şərait yaradan siyasi, sosial, iqtisadi, hüquqi və mədəni sahədə dəyişikliklərlə müşəyiət olunmuşdur. Qeyd etmək lazımdır ki, 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərində keçirilmiş referendumlar zamanı konstitusiyaya edilmiş əlavə və dəyişikliklər hüquqi baza kimi dövlət idarəçiliyinin təkmilləşdirilməsində xüsusi əhəmiyyətə malik olmuşdur.
Azərbaycan suverenlik əldə etdikdən, müstəqilliyin bərpasından sonra yeni iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanıldı. İslahatların həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin "Hüquqi islahatlar komissiyasının yaradılması haqqında" 1996-cı il tarixli Sərəncamının və "Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" 1998-ci il tarixli Fərmanının müstəsna rolu olmuşdur.
Hal-hazırda prezident İlham Əliyev tərəfindən ulu öndərimizin idarəçilik irsindən maksimum bəhrələnərək dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə təkan verilmiş, onu müasir tələblər səviyyəsinə qaldırmışdır. Azərbaycanda dövlət idarəçiliyində islahatların müxtəlif problemlərinin olmasına baxmayaraq, beynəlxalq təşkilatlarla əməkdaşlıq yolu ilə ölkə digər sahələrdə olduğu kimi bu sahədə də irəli getməkdədir. Ötən illər ərzində xalqımız bir daha əmin oldu ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin simasında xalqımız Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirmək iqtidarında olan özünün qüdrətli liderinə qovuşub, öz firavan gələcəyini təmin edib.
Çoxəsrlik dövlət quruculuğu tarixi göstərir ki, heç bir sivil, demokratik dövlət onun yüksək səviyyəli dövlət idarəetməsi olmadan və dövlət tərəfindən qəbul edilmiş hüquqi aktlar düzgün tətbiq edilmədən dövlət səmərəli fəaliyyət göstərə, cəmiyyətin maraq və tələblərini yerinə yetirə bilməz. Yalnız dövlətin güclü iradəsi, dövlətin siyasəti və cəmiyyətin tələblərinə uyğun gələn hüquqi aktlar vasitəsilə dövlət aparatı və dövlət idarəetməsi qanuni və səmərəli xarakter alır, onlar statik vəziyyətdən dinamik vəziyyətə keçir, dövlət mexanizminin fəaliyyəti güclənir.
Dünya təcrübəsi göstərir ki, hər bir siyasi və iqtisadi dəyişikliklər həyata keçirilən zaman ilk olaraq dövlət idarəetmə aktlarında islahatlar aparılması zərurəti yaranır. Məsələn, İkinci dünya müharibəsindən sonra Almaniya, Fransa və Yaponiyada hər şeydən öncə dövlət idarəetmə aktlarında, sonra isə iqtisadi sahədə islahatlar aparılmışdır. Bütün demokratik ölkələrdə dövlət idarəetməsinə ümumdövlət, ümumxalq vəzifələrinin və funksiyalarının yerinə yetirilməsi üçün xüsusi diqqət göstərilir.
Azərbaycanda dövlət idarəçiliyinin və bu sahədə hüquqi bazanın yaradılması, inkişafı və təkmilləşməsi, əsasən dövlət aparatının və onun strukturunun təkmilləşdirilməsinə, dövlətin məqsəd və funksiyalarını icra etməyə, iqtisadiyyatın səmərəliliyini artırmağa, vətəndaş cəmiyyətinin inkişafına yönəlmişdir.
Fikrimizcə, dövlət idarəetməsində hüquqi aktların yüksək peşəkarlıqla qəbul edilməsi, dövlətin müvafiq orqanları tərəfindən həmin aktların icrasının təmin edilməsi və digər məsələlərin nəzəri, praktiki aspektdə kompleks şəkildə tədqiq olunması zəruridir.
Dövlət idarəetməsində hüquqi aktların müasir dövrün tələblərinə uyğun şəkildə qəbulu, idarəetmə orqanları tərəfindən qəbul edilmiş qərarların peşəkarlıqla tətbiqi, dövlət idarəçiliyinin fəaliyyəti və inkişafı məsələlərinə təkcə hüquqi yox, həmdə siyasi ədəbiyyatda böyük diqqət verilir. Bu məsələlər hər zaman hüquqşünasların diqqət mərkəzində olmuş, belə ki, R.Ə.Mehdiyev, Z.A.Əsgərov, F.T.Nağıyev, A.M.Abdullayev, Ə.H.Rzayev və s. kimi Azərbaycan alimlərinin həmçinin Q.V.Atamançuk, D.N.Baxrax, A.V.Obolonskiy, A.A.Demin, V.V.Lobanov, V.V.Çerepanov və başqalarının əsərlərində öz əksini tapmışdır.
Dövlət idarəetmə aktlarının qəbulu, dövlət idarəetməsinin formalarından biridir. Hər hansı bir məsələnin həll edilməsi üçün idarəetmə orqanları normativ aktlar qəbul edir ki, bu aktlar əsasında qarşıya qoyulan məsələlərin həll edilməsi üçün öz funksiyalarının və fəaliyyətlərinin düzgün, obyektiv həyata keçirilməsinə nail olur.
İdarəetmə (latın mənşəli administratio - idarəetmə) müəyyən fəaliyyət növüdür, ictimai əhəmiyyət kəsb edən məqsədlərə nail olmaq üçün həyata keçirilən hərəkətlər məcmusudur. Əgər daha geniş mənada işlətsək, onda deyə bilərik ki, idarəetmə nəyinsə və kiminsə üzərində rəhbərlik etmək deməkdir.
İdarəetmə tam vahid bir sistemin daxili keyfiyyəti olub, özünü təşkiletmə (özünü idarəetmə) əsasında daim qarşılıqlı əlaqədə olan subyekt (idarə edən) və obyekt (idarə olunan) kimi əsas elementlərin vəhdətindən ibarətdir.
İdarəetmə o zaman real hesab olunur ki, obyektin idarəetmə subyektinə tabeçilik xarakter daşımaşından ibarət olsun. İdarəetmədə sosial idarəetmə cəmiyyətə xas olan özünü tənzimləmə, özünüqoruma, özünü təşkilatlandırma sistemidir.Bunlar yalnız şüurlu deyil, həm də konkret şəkildə həyata keçirilir, yəni sosial idarəetmə cəmiyyətdə yaranan ictimai əlaqələrin təşkili mexanizmi kimi başa düşülür.
Sosial idarəetmə aşağıdakı əlamətlərlə xarakterizə olunur:
- sosial idarəetmə yalnız insanların birgə fəaliyyəti mövcud olan yerdə olur;
- sosial idarəetmə idarəetmə münasibətlərinin iştirakçısı olan insan iradələrinin müəyyən tabeçiliyi əsasında qurulur. Belə ki, onların arasındakı münasibətlər şüurlu - iradəli vasitəçilik xarakteri daşıyır;
- sosial idarəetmə özünün realizəsi üçün xüsusi mexanizmə ehtiyac duyur və bu mexanizm idarəetmə subyektlərini təşkil edir.
Qeyd etmək lazımdır ki, dövrü ədəbiyyatda sosial idarəetmə, idarəetmə, dövlət idarəetmə anlayışlarına müxtəlif aspektlərdə aydınlıq gətirilir.V.Afanasyevə görə idarəetmə ən əvvəl təşkilati fəaliyyətdir. Onun mahiyyəti idarəedən və idarə olunan sistemin yəni idarəetmə subyekti və obyektinin formalaşmasındadır.
Sosial idarəetmənin aşağıdakı növləri vardır:
1. Dövlət idarəetməsi.
2. Qeyri-dövlət idarəetməsi
Dövlət idarəetməsi dövlət hakimiyyəti səlahiyyətlərinin həyata keçirilməsi üzrə yaranan fəaliyyətdir. Bu fəaliyyəti bütün dövlət orqanları həyata keçirirlər.
Dövlət idarəetməsi dedikdə dövlət hakimiyyət xarakteri daşıyan idarəetmənin xüsusi səlahiyyətli subyektlərinin təşkilatçılıq fəaliyyəti kimi başa düşülür və onun həyata keçirilməsi prosesində dövlət funksiyalarının yerinə yetirilməsi ilə xarakterizə olunur.
Dövlət idarəetməsi dövlət hakimiyyətinin həyata keçirilməsi və dövlət hakimiyyət orqanlarının fəaliyyətinin növlərindən biridir. Buna baxmayaraq dövlət idarəetməsini həyata keçirən dövlət orqanlarının dövlət-idarəetmə səlahiyyətlərinin həcmi eyni deyildir,bunu da mövcud olan idarəçilik quruluşu ilə izah etmək olar.
Dövlət hakimiyyətinin mahiyyəti və strukturu hüquqi cəhətdən Azərbaycan Respublikasının Konstitusiyasında və Konstitusiya qanunlarındamöhkəmləndirilmişdir. Dövlət hakimiyyəti qanunvericiliyə, dövlət aparatına, maddi ehtiyatlara, pul vəsaitlərinə, inandırma və məcburetmə mexanizminə arxalanır.
Dövlət fəaliyyətinin əsas xüsusiyyətləri onun icraedici və səlahiyyətverici fəaliyyəti ilə bağlı olmasıdır. Dövlət fəaliyyəti, dövlət idarəetməsi aşağıdakı əlamətlərlə xarakterizə olunur:
- Sosial-mədəni və iqtisadi fəaliyyətə bilavasitə operativ rəhbərliyi;
- Dövlət-hakimiyyət xarakterliyi;
- Mütəmadi olaraq nəzarət altında olması;
- Qanun qüvvəli olması.
Dövlət idarəetməsinin metodları dedikdə idarəetmənin məqsədlərinə nail olmaq, vəzifələrini yerinə yetirmək və idarəetmə funksiyalarının realizəsi üçün idarəetmə subyektlərinin idarəetmə obyektlərinə göstərdiyi təsir tədbirləridir.
Dövlət idarəetmədə inzibati metodlar bir metodu həyata keçirmək üçün ona vacib olan elementlərə əsaslanaraq öz gündəlik iş fəaliyyətlərində ondan səmərəli istifadə edilməsidir. Bu elementlər aşağıdakılardır: əmrlərin verilməsi, göstərişlərin verilməsi, təlimatların verilməsi...
Qanunlarda dövlət idarəetməsini həyata keçirən müxtəlif orqanlar üçün müxtəlif həcmdə icraedici-sərəncamverici səlahiyyətlər nəzərdə tutulur. Dövlət idarəetmə orqanları öz səlahiyyətləri çərçivəsində hakimiyyət xarakterli səlahiyyətlərdən istifadə edirlər. Bu orqanlar dövlət məcburetmə tədbirlərinin tətbiq edilməsinə sərəncam vermək və onları tətbiq etmək hüququna malikdirlər.
Dövlət idarəçiliyi qərarlarının işlənib hazırlanması və qəbulu dövlət hakimiyyətinin başlıca funksiyasıdır. Beləliklə, dövlət qərarları - ictimai məqsədlərə nail olmaq üçün dövlət orqanlarının seçib əsaslandırdıqları cari və strateji layihələrin həyata keçirilməsinə əsaslanır. Dövlət idarəçiliyi sistemində qərarların xarakteri etibarı ilə əsasən üç növü fərqləndirilir: siyasi, inzibati və iqtisadi.
Beləliklə, dövlət idarəçiliyi sistemində qərarların işlənib hazırlanması, onların qəbulu və icrasının mahiyyəti cəmiyyətin - ölkədəki əhalinin bütün təbəqələrinin mənafelərinə və tələbatlarına müvafiq olaraq dövlət strate-giyasının işlənib hazırlanması, onun həyata keçirilməsi mexanizminin müəyyənləşdirilməsindən ibarətdir.

Orxan Əliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı.