

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə birgə “Özbəkistan-Azərbaycan: ədəbi əlaqələri və əməkdaşlığın perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın və Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, alimlər, universitetin professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçehrə Rixsiyeva iki ölkə arasında son illərdə bütün sahələrdə olduğu kimi mədəni-humanitar istiqamətdə də əlaqələrin durmadan inkişaf etdiyini diqqətə çatdırıb.
Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Minhojiddin Mirzə Azərbaycan və Özbəkistanın yazıçılar birlikləri arasında olan əməkdaşlıqdan, şair və yazıçılarımızın dostluğundan, ədəbi əlaqələrimizin tarixindən danışıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını bildirib. Onun sözlərinə görə, bu gün iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatması, dövlət başçıları – Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı etimad və siyasi iradənin bariz nəticəsidir. Məhz bu qarşılıqlı etimad və qardaşlıq münasibətlərin nəticəsində iki ölkə arasındakı əməkdaşlıq bu gün bütün istiqamətlərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova “Özbəkistan və Azərbaycan xalqlarının mədəni və linqvistik ortaq kökləri: tarixi və müasir aspektlər” mövzusunda elmi məruzəsində Azərbaycan–Özbəkistan münasibətlərinin tarixi, siyasi və mədəni inkişaf dinamikasını çoxşaxəli şəkildə təhlil edib.
Sonra bir qrup özbək alimi, həmçinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədli, ADPU-nun müəllimi, filologiya elmləri doktoru, professor Könül Səmədova, Bakı Dövlət Universitetinin müəllimi, dosent Sevinc Ruintən, ölkəmizdən gələn digər alim, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva və başqaları ölkələrimiz arasında ədəbi əlaqələr, elm, mədəniyyət, ədəbiyyat sahələrində inteqrasiya proseslərindən danışıblar.
Konfransa onlayn formatda Azərbaycandan qatılanlar da olub.