“Qorxdum ki, pulu yığmasam, məni işdən qovar” Hadisə

“Qorxdum ki, pulu yığmasam, məni işdən qovar”

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Bakı şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov və onun işçisi Mətanət Şamçiyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prosesdə ifadə verən M.Şamçiyeva bildirib ki, dispanserdə arayış vermək üçün vətəndaşlardan pul yığıb baş həkimə verib. Onun sözlərinə görə, pul yığılmasını ona baş həkim Hüseyn Həsənov tapşırıb: "Dekabrdan pul toplanmağa başlamışdı, fevralın 1-ə kimi 2800 manat pul yığdım. Pulun nə vaxt verilməsini baş həkim təyin edirdi. Hüseyn müəllim təkid elədi ki, pulu yığıb ona verim, mən də qorxdum ki, pulu yığmasam, məni işdən qovar. Yığılan pullardan cəmi bir dəfə 40-50 manat mənə verib".
M.Şamçiyevanın sözlərinə görə, arayışa görə standart pul tələb edilməyib. Təqsirləndirilən şəxs H.Həsənov isə ifadəsində özünü təqsirli bilməyib və M.Şamçiyevanın yalan danışdığını bildirib. O bildirib ki, heç kimə pul yığmaq tapşırığı verməyib: "Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi görünən videodakı şəxsin mən olub-olmadığımı deyə bilmərəm. Bunun üçün ekspertiza keçirmək lazımdı. Videogörüntülərdə səslənən pul söhbətinin rüşvətlə heç bir əlaqəsi yoxdur. Söhbət ondan gedir ki, fevralın 1-dən bir neçə gün öncə Mətanət xanım mənə müraciət edərək özünə mebel almaq üçün pul borc istəmişdi. Mebellə bağlı konkret qərar vermədiyi üçün təxminən 3 min manat istəmişdi, mən də razılıq verdim.
Dedim ki, filan gün gəl, pulunu götür. Amma bir şərt qoydum ki, işçilər bunu bilməsin, sonra hər kəs gəlib pul istəməsin, mən bank deyiləm. Heç vaxt üstümdə o qədər pul gəzdirmirəm".
Proses iyulun 13-də davam etdiriləcək. İttihama görə, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsi Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov saxlanılıb. Onun 2017-ci ilin yanvar-fevral aylarında tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar arayış verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat rüşvət tələb etməsi müəyyən edilib. Hüseyn Həsənov və Mətanət Şamçiyeva Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilirlər.