Fondun Milli Mətbuat Günü münasibətilə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıblar Hadisə

Fondun Milli Mətbuat Günü münasibətilə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıblar

İyulun 22-də "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Milli Mətbuatının yaranmasının 142 illiyi ilə əlaqədar elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media nümayəndələrini salamlayaraq milli mətbuatın yaranmasının 142-ci ildönümü münasibətilə onlara səmimi təbriklərini çatdırıb. Bu günlərdə Azərbaycan mediasının ikiqat bayram sevinci yaşadığını vurğulayan icraçı direktor iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti cənab Əlham Əliyevin iştirakı ilə jurnalistlər üçün inşa edilmiş binada 255 jurnalistə mənzillərin verilməsini tarixi və əlamətdar hadisə kimi qiymətləndirib. Vüqar Səfərli şəxsi vəsaiti hesabına mənzil almaq imkanında olmayan jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları - iki binanın istifadəyə verilməsini və sayca üçüncü binanın təməlinin qoyulmasını dünyada analoqu olmayan sosial layihə kimi dəyərləndirib. Bu humanist münasibətə görə ölkə jurnalistləri adından dövlətimizin başçısına dərin təşəkkürünü ifadə edən V.Səfərli bildirib ki, bu yüksək etimad və diqqət müqabilində mediamız üzərinə düşən vəzifələri daha səy və məsuluyyətlə həyata keçirəcək, xalqının və dövlətinin maraqlarını layiqincə müdafiə edəcək.
Azərbaycan mətbuatının ölkə rəhbərliyinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan icraçı direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nın təsdiq edildiyini və konsepsiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını xüsusi qeyd edib. Vüqar Səfərli Fondun fəaliyyət göstərdiyi 8 ildə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı layihələr barədə məlumat verib. Qeyd edib ki, indiyədək çap mediasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlət büdcəsindən ümumilikdə 31 milyon manatdan çox vəsait ayrılıb.
Vüqar Səfərli Fondun 22 iyul - Milli Mətbuat Günü günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə də məlumat verərək bildirib ki, 19 istiqaməti əhatə edən müsabiqəyə 69 kütləvi informasiya vasitəsindən 147 yazı daxil olub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib, Müşahidə Şurasının qərarı əsasında daha yüksək bal toplamış 111 nəfər jurnalist qalib elan edilib: "Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə 6 mükafat nəzərdə tutulub. Ümumilikdə qaliblərin sayı 111 nəfərdir. Birinci yerin sahibi 500, ikinci yeri tutanlar 400, üçüncü yerə layiq görülən jurnalistlər 300 manat məbləğində mükafatla təltif ediliblər. Bu gün isə biz müsabiqədə birinci yeri tutmuş jurnalistləri mükafatlandıracağıq".
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, builki bayram jurnalistlər üçün ikiqat əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlərlə görüşünün uzun müddət xatırlanacağını vurğulayan Əli Həsənov deyib ki, dövlətimizin başçısının proqram xarakterli çıxışı həm Azərbaycan Mətbuat Şurasının, həm jurnalistlərin, redaksiyaların, ümumilikdə, Azərbaycan jurnalistikasının gələcək fəaliyyətinin təməl prinsiplərini təşkil edir. Qeyd olunub ki, dövlətimizin başçısı həmin görüşdə milli jurnalistikamızın inkişafının əsas istiqamətləri, milli maraqların qorunması ilə bağlı dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və digər mühüm məsələlərlə bağlı dəyərli tövsiyələr verib. Azərbaycan mediasındakı bütün sağlam jurnalistlər Prezident İlham Əliyevin bu tövsiyələrini birmənalı şəkildə qəbul edib və onları əsas prinsip kimi öz fəaliyyətlərində nəzərə alırlar.
Milli mətbuatın 142-ci ildönümü ərəfəsində 255 jurnalistin yeni mənzillərlə təmin olunduğunu vurğulayan Əli Həsənov bildirib ki, bu hadisənin sevincini onlardan daha çox bu nəcib təşəbbüsün müəllifi Azərbaycan Prezidenti İlham Əliyev yaşayıb.
Jurnalistlərin mənzillərlə təmin olunması ilə bağlı yaradılan komissiyanın bu istiqamətdə son dərəcə gərgin rejimdə fəaliyyət göstərdiyini qeyd edən Prezidentin köməkçisi cəmiyyətdə komissiyanın işinə, bu nəcib aksiyanın üzərinə kölgə salmağa cəhd edən bəzi qüvvələrin və şəxslərin olmasını təəssüf hissi ilə qeyd edərək deyib: "Əlbəttə, fəal jurnalistlər onların cavablarını verirlər. Əminəm ki, hətta bu işdə passiv olanlar da gec-tez öz haqqını müdafiə etməyin gərəkliliyini dərk edib, o siyahıya təsadüfi olaraq düşmədiklərini həmin insanların diqqətinə çatdıracaqlar. Sizin haqqınızı danmaq istəyən insanlar dövləti, komissiyanı aldatmağa cəhdlər ediblər. Mənzillə təmin olunanlar barəsində haqsız danışanların arasında ev almaq üçün öz mənzilini başqalarının adına keçirənlər, jurnalist stajlarını saxta şəkildə artıranlar, hətta 12-13 yaşlarından peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduqları barədə əmək kitabçasına staj yazdıranlar da var. Bu nəcib aksiyanın üzərinə kölgə salmağa çalışanlar, bax, belə insanlardır".
Mənzillərin bölgüsü zamanı Azərbaycan jurnalistikasında əməyi olan veteran jurnalistlərin də diqqətə alındığını xatırladan Prezidentin köməkçisi deyib: "Təəssüf ki, bir sıra veteran jurnalistlərə, bu gün fəaliyyət göstərən və ehtiyacı olanlara mənzil ayıra bilmədik. Onlar növbəti binada mənzillə təmin olunacaqlar".
Azərbaycan mətbuatının yaranmasının 142-ci ildönümünün əlamətdar hadisələrlə müşayiət olunduğunu qeyd edən Əli Həsənov deyib: "Prezident İlham Əliyev jurnalistlər üçün üçüncü binanın təməlini qoydu. Həmin binanın inşasının başa çatdırılması üçün dövlətimizin başçısı maksimum üç il vaxt verdi. Çalışacağıq ki, həmin bina iki ilə hazır olsun. Əgər bu, mümkün olmasa, bina 2020-ci ildə istifadəyə veriləcək".
Azərbaycanda əsaslı iqtisadi islahatların aparılması, qeyri-neft sektorunun inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yoxsulluğun, işsizliyin tamamilə aradan qaldırılması istiqamətlərində Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı fəaliyyətin həyata keçirildiyini bildirən Əli Həsənov deyib: "Azərbaycan dövlətinin sosial sahədə nəzərdə tutduğu proqramların, layihələrin heç biri təxirə salınmayıb. Son dövrdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində Birinci vitse-prezident xanım Mehriban Əliyeva başda olmaqla ciddi fəaliyyət həyata keçirilir. Ümumiyyətlə, son dövrdə ölkəmizdə həyata keçirilən təşəbbüslər Azərbaycan mediası tərəfindən birmənalı şəkildə müsbət qarşılanır, dəstəklənir. Azərbaycan Prezidentinin siyasətinin təməlində Azərbaycan xalqı dayanır. Azərbaycan dövləti xalqın iradəsinə söykənərək bütün sahələr üzrə uğurlu fəaliyyət həyata keçirir. Əminik ki, bunun nəticəsində xalqımız daim əmin-amanlıq şəraitində yaşayacaq".
Çıxışlardan sonra fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
Tədbirdə, həmçinin müxtəlif KİV-lərin təmsilçilərinə və dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinə "Bakcell" şirkətinin, eləcə də ölkəmizdə mətbuatın inkişafında və Azərbaycanın təbliğində xidmətlərinə görə bir qrup şəxsə "PaşaBank"ın adından hədiyyələr təqdim olunub.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan mətbuatına göstərdiyi yüksək diqqət və qayğıya, jurnalistlərin fəaliyyətinə verilən qiymətə görə Prezident İlham Əliyevə KİV nümayəndələri adından minnətdarlığını bildirib.
Mərasim konsert proqramı ilə davam edib.