Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin vaxtı açıqlanıb Hadisə

Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin vaxtı açıqlanıb

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı keçiriləcək müsabiqənin vaxtı açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN Radio"ya müsahibəsində bildirib ki, müsabiqənin - sertifikasiya ilə əlaqədar olan ilk imtahanların oktyabr ayının sonlarında keçirilməsi nəzərdə tutulur. O deyib ki, imtahanların tarixini elan etməzdən əvvəl dövlət qurumlarından vakant yerlər əldə olunmalıdır: "Bu ayın sonuna kimi müxtəlif dövlət qurumlarından bu məlumatlar Dövlət İmtahan Mərkəzinə daxil olarsa, sentyabrda dəqiq tarixi elan edə biləcəyik. Dövlət qulluğuna qəbulla bağlı təşkil ediləcək müsabiqədən əvvəl onlayn sınaq imtahanları keçiriləcək. Həmin imtahanların sentyabrın sonlarında təşkili nəzərdə tutulur".
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzində struktur dəyişikliklərinin həyata keçiriləcəyini də açıqlayıb: "Hazırda bizim cəmi 8 bölgədə regional şöbələrimiz var və onlar bütün ölkəni əhatə edir. Amma hiss edirik ki, regionda bölmələrin sayını artırmalıyıq. Hazırda Dövlət İmtahan Mərkəzi təsərrüfat hesablı təşkilatdır deyə bölmələrin artırılması öz imkanımızdan asılıdır. Vətəndaşlara xidmət göstərmək və maarifləndirmək məqsədilə regionlarda əməkdaşların sayını artıracağıq".