“26 Bakı Komissarı“ haqqında həqiqətlər və bilmədiklərimiz... Hadisə

“26 Bakı Komissarı“ haqqında həqiqətlər və bilmədiklərimiz...

1-ci yazı

Xalq öz tarixini acıları və sevincləri ilə bütövlükdə öyrənib bildikdə gələcəyinə daha ayıq baxır, növbəti sınaqlara hazır olur. 96 il öncə baş vermiş hadisənin təfərrüatlarına yenidən diqqətçəkən məqamlar hansılardır? Uzun müddət "26 Bakı komissarı", camaat arasında sadəcə 26-lar bağı kimi tanınmış məkanda tikinti işləri ilə əlaqədar 1920-ci il sentyabrın 8-də dəfn edilmiş insan cəsədlərinin başqa yerə köçürülməsi zamanı aşkar olunmuş fakt xeyli söz-söhbətə, kütləvi informasiya vasitələrinin diqqətinə, səngiməyən müzakirələrə səbəb oldu. Hazırda "Sahil bağı" adlanan yerdə qazıntı zamanı 26 deyil, 23 cəsəd aşkarlanmışdı. Halbuki, 1920-ci ildə Aşqabad şəhərinin mərkəzi meydanından çıxarılmış "Bakı kommunarları"nın cəsədləri paroxodla Bakıya gətirilmiş, Petrov meydanından keçərək böyük izdihamla öndə "S.Şaumyanın tabutu" və şəkli, ardınca "25 yoldaşın" tabutları aparılmaqla "Azadlıq" meydanında dəfn olunmuşdular. "Azadlıq" meydanında fəvvarənin yanında düzəldilmiş məqbərədə 1920-ci il sentyabrın 8-də gündüz saat 3-də top atəşləri və himn sədaları altında 26 tabut qəbrə endirilməyə başlanmışdı. Bu mərasim lentə alınıb, mətbuatda, digər sənədlərdə əks olunub.
Sovetlər dövrünün əfsanəsinə çevrilmiş "Bakı kommunarları" ziyarətgaha çevrilmiş bir məkanda anıldıqları dövrdən çox sonra, müstəqillik illərində "aktuallıq" kəsb etməyə başladı. İlk səbəb 90 il toxunulmayan məkandan ayrı-ayrılıqda dəfn olunmuş 26 cəsəd əvəzinə 23 cəsədin çıxması təəssüratı oldu. Deməli, "26 yoldaşın" 3-nün cəsədi basdırılmış 26 qutunun içərisində olmayıb. Bu faktdan çıxış edərək "26-lar"dan hansısa 3-nün güllələnməməsi mülahizəsi arxasında onların kimliyinin müəyyənləşdirilməsi "ehtiyacı" yaranırdı. Mövzunu aktuallaşdıran başlıca amil də məhz bu "ehtiyacdan" qaynaqlanırdı. Çünki hələ sovetlər dönəmində də, xüsusən müstəqilliyin ilk illərində S.Şaumyanın yoldaşları ilə birgə güllələnməməsi, sağ qalması, hətta Hindistana aparılaraq, orada yaşamaları və s. haqqında söhbətlər gəzirdi, yazılar dərc olunurdu. Və bu baxımdan "Sahil bağı"ndan 3 cəsədin əskik çıxması vaxtilə dolaşan şayiələrin əsassız olmadığı qənaətinə yenidən yol açmışdı. Cəmiyyət içərisində, xüsusən orta və yaşlı nəslə mənsub insanların marağı "26-lar" barədə, demək olar ki, dərslik səviyyəsində məlumatı olan və ideoloji baxımdan heç bir bağlılığı olmayan gənc nəsildən daha artıq oldu. Say ətrafında marağın cəmlənməsi də birmənalı qarşılanmadı. 1918-ci ildə fəaliyyət göstərmiş Bakı Xalq Komissarları Sovetinin hakimiyyəti, onun üzvlərinin Azərbaycan xalqının taleyində oynadığı faciəli rol haqqında xəbərdar olmaq istəyənlərin sayı daha çoxdur. Məhz "Bakı kommunasının" rəhbəri S.Şaumyanın əməllərini ifşa etmək istəyi ilə "Sahil bağı"nda cəsədlərin "əskikliyi" arasında bir əlaqə varmı? Dövrdən xəbərsiz olan şəxsləri maraqlandıran digər bir sual isə Hindistanla bağlıdır - Hindistanın bura nə dəxli var? Hindistanın həmin dövrdə Böyük Britaniyanın müstəmləkəsi olması bəllidir. "Britaniya Hindistanında" vitse-kral hökumətinin Londonun göstərişlərinə əsasən Dehlidən Məşhəddəki "Malleson missiyası"nı idarə etməsini və Zakaspi vilayətindəki eser hökumətinin Britaniya missiyasından asılı olmasını arxiv sənədləri təsdiqləyir. Hindistanda, Simladakı Britaniya baş qərargahının rəisinə general Malleson "26-lar"ın güllələnməsindən 2 həftə sonra Məşhəddən yazmışdı: "Aşqabad hökuməti bütün mühüm işlərdə bizim göstərişlərimizə müvafiq hərəkət edib".
Şimal-şərqi İrandakı ingilis hərbi missiyasının başçısı, general U.Malleson Hindistandakı baş qərargaha tabe idi. "26-lar"ın Bakıda həbsxanadan qaçırıldıqdan sonra Krasnovodska çatdıqda yenidən həbs edilməsi və sentyabrın 20-nə keçən gecə Zakaspi səhrasında güllələnmələri prosesinə ingilis missiyasının aidiyyəti və "komissarların Hindistana aparılması" barədə yayılmış məlumatların mövcudluğu "Hindistan məsələsi"ni doğurub. "26-lar" haqqında sovetlər dövründə siyasi, ideoloji, "elmi" versiya vahid məzmun daşıyırdı. "26 Bakı komissarı ingilis cəlladları tərəfindən vəhşicəsinə qətlə yetiriliblər". Britaniya tədqiqatçıları cidd-cəhdlə əksini sübuta yetirməyə çalışırdılar ki, "26-lar"ın qətlində ingilislərin əli olmayıb. "Komissarların Hindistana aparılması" haqqında hələ 1918-1919-cu illərdə məlumatların dolaşması, o cümlədən "Şaumyan və digərlərinin" "müttəfiq missiyasının həbs olunmuş üzvləri ilə" dəyişdirilməsinə dair radioteleqramın əldə edilməsi və digər söz-söhbətlər "Sahil bağı"ndakı cəsədlərin çıxarılması nəticəsində 3 cəsədin olmaması faktı ətrafında "köhnə" mülahizələrə "əsas" vermiş oldu. Bəs görəsən əsl həqiqət nədən ibarətdir, tam həqiqəti bilmək olacaqmı?
Öncə "26-lar" rəqəminə aydınlıq gətirmək lazımdır. Doğrudanmı 26 nəfərin hamısı Bakı komissarı olmuşdu? Bəs görəsən qətlə yetirilənlər, daha doğrusu "26-lar" sırasında komissarların hamısı var idimi? S.Şaumyan, P.Caparidze, İ.Fioletov, M.H.Vəzirov, Y.Zevin, Q.Korqanov Bakı Xalq Komissarları Sovetinin əsas komissarları postunu tutmuşdular. Yəni, "26-lar"dan cəmi 6 nəfəri "həqiqi" sabiq komissar statusunda olub. M.Əzizbəyov isə 1918-ci ilin qanlı mart günlərində Bakı şəhərinin dağlıq hissəsinə mühafizə komissarı təyin edilmiş, Bakı XKS-nin tərkibinə quberniya komissarı kimi daxil olmuş, həmçinin xalq daxili işlər komissarının müavini təyin edilmişdi. "26-lar"dan bir qismi Bakı XKS strukturunda çalışmış kiçik vəzifəli şəxslər olub. Q.Petrov isə V.Leninin göstərişi ilə Bakı rayonunda fövqəladə hərbi komissar sifətilə Azərbaycana göndərilmişdi. Bir qisim "komissarlar" Qafqaz Qırmızı Ordusunun hərbi hissələri ilə birlikdə Bakıya gəlmişdi. "26-lar"ın 26-cı nümayəndəsi Tatevos Əmiryan isə "Daşnaksütyun" partiyasının üzvü, "terrorçuların rəhbərlərindən biri" olub.
Bakı Xalq Komissarları Sovetinin (Bakı XKS) əsas rəhbərləri də daxil olmaqla əksər üzvlərinin hakimiyyətə yiyələnmək yolunda 1918-ci ilin yazında azərbaycanlılara - müsəlman əhaliyə qarşı törətdikləri kütləvi, amansız qırğınlar mahiyyətinə görə soyqırımı siyasətinin gerçəkləşməsi idi. Bakı XKS yaradıldıqdan sonra da bu siyasət yeridilir, qəzalarda yerli müsəlman əhali bolşevik-daşnak birgə silahlı qüvvələri tərəfindən azğınlıqla qətlə yetirilirdi. Məhz Azərbaycan xalqına qarşı yönəlmiş fəaliyyət göstərdiklərinə görə Bakı komissarlarının sonrakı aqibəti ilə bağlı mülahizələr diqqət tələb edir. Rəsmi xronologiyaya görə, 1918-ci il iyulun 31-də, səhər saat 11-də çağırılmış Bakı Sovetinin təcili iclasında xalq komissarları öz səlahiyyətlərindən əl çəkmiş, "hərbi qüvvələri və dövlət əmlakını paroxodlara yükləyib köçürmək qərara" alınmışdı. Həştərxana köçürülmək üçün ilk cəhd iyulun 31-də edildi. Bakı Sovetinin iclasından sonra RSDFP Bakı Komitəsinin müşavirəsi keçirilmiş, bolşeviklərin sərəncamında olan 20 milyon rublu fəhlələrə paylamaq və bütün qiymətli şeyləri Bakıdan çıxartmaq, "nə türklərə, nə də ingilislərə heç nə qoymamaq" barədə qərar çıxarılmışdı. Pulun bir hissəsi iyulun 31-də bölüşdürülmüş və gündüz saat 4-də komissarlar dövlət bankının bütün qiymətli şeylərini, əmlakını və xalq təsərrüfatı şurasının mühasibatını paroxodlara, xüsusilə "Evelina" paroxoduna yükləmişdilər. Bütün bu işlərə Bakı Sovetinin iclasında təşkil olunmuş komissiya rəhbərlik edirdi. Maye daşıyan gəmilər neft məhsulları ilə doldurulmuş, quru yük daşıyan gəmilərə isə qiymətli metallar, maşınlar və s. yüklənmişdi. "Sovet Rusiyasının hərbi qüvvələri və dövlət əmlakını paroxodlara yükləyib köçürmək" qərara alındığından axşam saat 10-da yola düşmək istədikdə paroxod körpüdən ayrılmağa imkan tapmamış, projektor siqnalları ilə saxlanılmışdı. "Sentrokaspi"nin nümayəndəsi katerdə paroxoda yaxınlaşıb Şaumyan, Caparidze və digər komissarların onlara verilməsini tələb etmişdi. Paroxodu batırmaq təhdidi ilə bolşevikləri geri dönməyə vadar etmiş, Şaumyan və Ter-Qabrielyanı həbs edə bilmişdilər. Bolşeviklər geri döndükdə öz etirazlarını bildirmiş, Şaumyan və Ter-Qabrielyanın azad olunmasını tələb etmişdilər. Petrov da öz növbəsində dəstəsi adından həbs olunanların buraxılması haqqında "Sentrokaspi"yə ultimatum vermişdi. "Sentrokaspi" rəhbərləri fikirlərindən daşınmağa məcbur olmuş və elə həmin gecə bolşeviklər azad edilmişdilər. Avqustun 3-də Şaumyan və Ter-Qabrielyan ikinci dəfə şəhəri tərk etməyə cəhd göstərsələr də, matroslar tərəfindən yaxalanmışdılar. Petrov şəhəri top atəşinə tutmaqla hədələdikdən sonra matroslar bolşevikləri buraxmışdılar.
İngilis hərbi qüvvələri Bakıya daxil olduqdan sonra Şaumyan "sovet qoşunlarının Bakıdan çıxarılmasının zəruriliyini" bildirmişdi. Bakını maneəsiz tərk etməyə icazə verilməsi üçün diktatura ilə danışıqlar aparılmışdı. Diktatura hökuməti Petrova türk hərbi qüvvələrinə qarşı vuruşmağı təklif etmiş, lakin o, ingilislərin Bakıda olacaqları müddətdə döyüşlərdə iştirakdan imtina etmişdi. Xəzər donanmasının nümayəndələri avqustun 12-də Petrovun dəstəsinin silahı təhvil-təslim edəcəkləri halda Bakıdan çıxmağa icazə verməyi qərara aldılar. Petrov silahı təhvil verməyə razı olmuşdu: "Belə hesab edirik ki, bizim sərəncamımızdakı döyüş vasitələri və texniki vasitələr olmadan Bakı proletariatı öz azadlığı uğrunda mübarizə apara bilməz və onları bu vasitələrdən məhrum etməyə özümüzü haqlı hesab etmirik, buna görə də bildiririk ki (əgər proletariat ingilis imperialistlərinin qoşunlarını şəhərdən çıxarmağa razı olmasa və bunun üzündən biz Bakıdan çıxıb getməyə məcbur olsaq), həmin hərbi-texniki vasitələr: zirehli avtomobillər, toplar, pulemyotlar, hərbi təchizat, geyim və sair hərbi ştabın sərəncamına veriləcək. Dəstə döyüş əhəmiyyətini itirməmək üçün özü ilə yalnız müvafiq miqdarda silah və sursat, habelə (qarşılıqlı razılıqla) müvafiq miqdarda gəmi aparacaq". Avqustun 11-də Petrov "Mərkəzi Rusiya Federativ Sovet Respublikasının Bakı rayonu hərbi komissarı" kimi bu məktubu imzalayıb "Sentrokaspi Diktaturası"na və Bakı Soveti İcraiyyə Komitəsinin rəyasət heyətinə göndərsə də, Şaumyan və digər bolşeviklər bütün silahın təhvil verilməsinə qarşı çıxmış və 10 zirehli maşını, 10 top və digər ləvazimatı saxlamışdılar. Belə ki, bolşeviklər və Petrovun dəstəsi avqustun 14-də Bakıdan çıxdıqda yalnız içərisində toplar olan 2 barja qalmışdı. Xalq Komissarları Sovetinin üzvləri və sovet qoşunlarının avqustun 14-də Bakını tərk etdikləri gəmilərin sayı ayrı-ayrı mənbələrdə fərqli (15, 16, 17) göstərilir.

Firdovsiyyə ƏHMƏDOVA
tarixçi