19:00
364
“1961-ci ildə Azərbaycanda azərbaycanlılar tərəfindən Azərbaycan tarixi yazıldı. Orada yazıldı ki, Səlcuqlara qədər, yəni XII əsrə qədər Azərbaycanın əhalisi farsdilli idi və biz fars birlikdə danışırdıq. Bu da farslara əsas verir. İndiyə qədər İranda yerindən duran deyir ki, "Azərbaycan, qayıt yerinə”. Bu halda ki, Atropatena eradan əvvəl 612-ci ildə yarananda nə fars sözü var idi, nə fars dövləti var idi, nə erməni sözü var idi, nə erməni dövləti var idi. Sonra biz müstəqilliyimizi itirdik. Bir müddət həqiqətən də Fars İmperiyasının tərkibində olduq. Amma bu hadisələr sonradan oldu”.
Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda söyləyib.
Alim əlavə edib ki, 1984-cü ilə qədər Ermənistan elmində Albaniya dövlət kimi, albanlar bir xalq kimi qəbul olunurdular: “1984-cü ildə Ermənistan Elmlər Akademiyası Musa Kalankatlunun “Alban tarixi” əsərini yenidən nəşr etdi və bu nəşrdə tamamilə yeni konsepsiya irəli sürdü. Yeni konsepsiya ondan ibarət idi ki, nə Albaniyanın dövləti olub, nə də alban adlı xalq olub. Bu, sadəcə böyük Ermənistanın bir əyalətidir. Bax, bu qırğın 1984-cü ildə başladı və bununla da 1988-ci il hadisələrinə bir növ birinci addım oldu. Əvvəllər də addımlar atmışdılar, amma bunu elmdə etdilər”.
Qeyd edək ki, seminar zamanı H.Həsənov Albaniyanın tarixi, coğrafiyası, mədəni irsi, toponimləri haqqında ətraflı söhbət açıb, həmçinin iştirakçıların mövzu ətrafında suallarını cavablandırıb.
Röya İsrafilova