Hədə, yoxsa xəbərdarlıq? Hadisə

Hədə, yoxsa xəbərdarlıq?

Kamran Əliyev: "Piyada bilməlidir ki, qaydanı nə qədər pozubsa, cərimələri ondan alınacaq, yaxud da bu onun hansısa əmlakına yönləndiriləcək, həbs qoyulacaq, hətta ölkədən çıxmasına yasaq tətbiq ediləcək"

Piyada bilməlidir ki, qaydanı nə qədər pozubsa, cərimələri ondan alınacaq. Yaxud da bu onun hansısa əmlakına yönləndiriləcək, həbs qoyulacaq. Hətta ölkədən çıxmasına yasaq tətbiq ediləcək.
Bu sözləri Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev yolu keçərkən cərimələnən piyadaların cərimə haqlarını ödəməməsi barədə danışarklən deyib. K.Əliyev bildirib ki, il ərzində 140 mindən çox piyada yolu keçmə qaydalarını pozduğu üçün məsuliyyətə cəlb olunur:
"Cərimələnən piyadaların əksəriyyəti il ərzində 4-5 dəfə eyni hərəkəti təkrar edir və cərimələnir. Bəlkə də arxayınlıq yaranır ki, qaydanı pozsam da, cərimə ödəmirəm. Amma icra strukturları tərəfindən qaydaları pozmuş piyadaların əmlakına həbs qoyulması, hətta ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsi və s. kimi vasitələr var".
Polkovnik əlavə edib ki, cərimələnən piyadalar cəriməni ödəmək məcburiyyətindədir:
"O cəriməni və üzərinə gəlmiş dəbbə pulunu ömrünün sonuna qədər ödəmək məcburiyyətindədir. Kimsə bu cəriməni ödəmirsə, elə bilməsin ki, batdı getdi və bir daha ondan tələb edilməyəcək. Piyada bilməlidir ki, qaydanı nə qədər pozubsa, cərimələri ondan mütləq alınacaq. Yaxud da onun hansısa əmlakına yönləndiriləcək. Bir gün həmin əmlakdan istifadə etmək istədikdə görəcək ki, əmlak artıq onun deyil, üzərində həbs var".
Kamran Əliyev qeyd edib ki, cərimə və əmlaka həbsdən də vacib piyadanın öz məsuliyyətini dərk etməsidir: "Əgər o, nəzərdə tutulmayan yerdən keçirsə, ilk növbədə həyatını riskə atmış olur. Ondan sonra düşünməlidir ki, bu hərəkətim cibimə ziyandır. Əlbəttə, cərimə ilə insan həyatı bir tutula bilməz".