“Gələn il sürətli iqtisadi inkişaf ili olacaq” Hadisə

“Gələn il sürətli iqtisadi inkişaf ili olacaq”

"Gələn il sürətli iqtisadi inkişaf ili olacaq".
Bunu prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, iqtisadi sahədə əldə edilən nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda, mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır: "Yəqin ki, siz eşitmişiniz, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Biz iki pillə qabağa getdik, artıq 37-ci yerdən 35-ci yerə layiq görüldük. Bu da çox böyük nəticədir. Onu da qeyd etməliyəm ki, MDB məkanında biz birinci yerdəyik. Artıq neçə ildir ki, liderliyi saxlayırıq və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq. Nəzərə alsaq ki, keçən il və bu il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə müəyyən çətinliklər, iqtisadi sahədə bəzi problemlər yaranmışdır, buna baxmayaraq, görün, biz nə qədər uğurla iş aparmışıq, nə qədər ciddi islahatlar həyata keçirmişik ki, bunu dünyanın birinci iqtisadi forumu olan Davos Forumu yüksək qiymətləndirir. Bu, bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq, bizim iqtisadi siyasətimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir".
Prezident İlham Əliyev qeyd edib ki, bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın valyuta ehtiyatlarını artırmaq mümkün olub: "Bu, onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyasət apararaq nəinki ehtiyatlarımızı xərcləməmişik, əksinə, biz əlavə pul qazanmışıq. Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk".
O qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilən ölkələrdəndir: "İndi siz dünyada gedən prosesləri izləyirsiniz. Həm iqtisadi, həm siyasi, həm hərbi sahədə bir çox yerlərdə çox böyük problemlər var. Risklər, təhdidlər artır, qan tökülür, münaqişələr, müharibələr alovlanır, sabitlik pozulur. Azərbaycan isə sabitlik, inkişaf adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bizim xalqımıza xas olan vətənpərvərlik – bax, bu amillər uğurlarımızın əsasını təşkil edir".