DİN-in səlahiyyətlərindən biri alınıb Hadisə

DİN-in səlahiyyətlərindən biri alınıb

Azərbaycanda əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölümü ilə bağlı qeydiyyatın aparılması proseduru dəyişib

Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edib.
APA-nın verdiyi məlumata görə, indiyə qədər ölümün qeydiyyatı zamanı ölən şəxsin qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş, şəxsiyyətini təsdiq edən sənədlər, habelə ölən şəxs Azərbaycanda daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, Azərbaycanda yaşamasına icazəni təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına təhvil verilib.
Dəyişikliyə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölümünün qeydiyyatı proseduru dəyişib, bu səlahiyyət Daxili İşlər Nazirliyindən alınaraq Dövlət Miqrasiya Xidmətinə verilib. Eyni zamanda bu kateqoriyaya həm Azərbaycanda daimi, həm də müvəqqəti yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər daxil edilib. Başqa sözlə, ölümün qeydiyyatı zamanı ölən şəxsin qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına, ölən şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda isə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazəsini təsdiq edən sənədlər Dövlət Miqrasiya Xidmətinə təhvil veriləcək.