“Onlara jurnalist demək doğru olmaz” Hadisə

“Onlara jurnalist demək doğru olmaz”

Artıq xeyli vaxtdır media olaraq müsahib, ekspert sarıdan çox ciddi əziyyət çəkir. Bir yandan bəzi köhnə ekspertlər yorulub, KİV-ə əvvəlki dəstəyi göstərmək istəmirlər, o biri yandan da oxucu eyni simaları görməkdən, bənzər fikirləri oxumaqdan, təkrarçılıqdan bezib. Bir qisim ekspertlərsə istədiklərini artıq əldə etdiklərinə görə mediaya əvvəlki həssaslığı azaldıblar, hesab edirlər ki, kifayət qədət populyar və əvəzolunmazdırlar, onların jurnalistlərə yox, jurnalistlərin onlara ehtiyacı var. Ortada itirən isə təbii ki, həm dövlətimiz, həm də mediadır.
Bu sözləri "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı Feysbuk səhifəsində qeyd edib. Aynur Camalqızı bildirib ki, media güclü silahdır: yeni simalar, intellektuallar, düşünən beyinlər, ideya generatorları, medianın rolunu, əhəmiyyətini anlayanlar azaldıqca KİV-in maraqlılığı, rəngarəngliyi, oxunaqlığı və gücü, cazibəsi azalır:
"Təklifim nədir? Sosial medianı təbii ki, izləyirəm. Diqqətimi çəkən bir neçə jurnalist həmkarımız var ki, artıq onlara jurnalist demək doğru olmaz. Onlar sözün əsl mənasında səviyyəli politoloq, siyasi şərhçi, təhlilçidirlər. Baş verənləri ağıllı, soyuq başla analiz edib ortaya fikir qoya bilirlər. Onları yazı yazmaqdan, yazı redaktə etməkdən kənarlaşdırıb məhz politoloji, siyasi fəaliyyətə yönəltmək lazımdır. Azərbaycanda məhz belə təşkilatlar, siyasi institutlar, beyin mərkəzləri yaradılmalı və o şəxslər orada çalışmalıdırlar".
Aynur Camalqızının sözlərinə görə, bir siyasətçini, politoloqu yetişdirmək üçün illər lazımdır. Onlar isə xüsusi qayğı, diqqət olmadan siyasi proseslərin içərisində özləri yetişiblər: "İllərimiz jurnalistikada keçib. İndi yetərincə tanınmış siyasətçilərin demək olar, hamısının səviyyəsinə, intellektinə, hazırlığına yaxşı bələdik. Əksərindən müsahibə almışıq, həmsöhbət olmuşuq. Onların danışdıqlarını olduğu kimi oxucuya təqdim etsəydik, yəqin ki, bu gün o qədər "böyük" görünməzdilər. Jurnalistlər onları redaktə edib, cilalayıb, təmizləyib topluma təqdim edib. Öz ətrafından, qohum-əqrəbasından savayı heç nəyə, heç kəsə xeyri dəyməyən bəzilərinə göstərdiyimiz diqqəti öz həmkarlarımıza niyə göstərməyək?"
Aynur Camalqızı konkret ad çəkməsə də, bu meyarlara uyğun gələnlərin böyük əksəriyyətə bəlli olduğunu qeyd edib.