AZƏRTAC 9 mindən çox fotosənədi arxivə təhvil verib Hadisə

AZƏRTAC 9 mindən çox fotosənədi arxivə təhvil verib

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 9 min 865 ədəd saxlama vahidi fotosənədi Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verib.
Milli Arxiv İdarəsinin məlumatına görə, təqdim edilən sənədlər əsasən dövlətlərarası əlaqə və əməkdaşlıq səviyyəsində Azərbaycan Respublikası Prezidentinin rəsmi qəbullarını, səfərlərini, görüşlərini, habelə beynəlxalq tədbirlərdə, konfranslarda iştirakını, çıxışlarını, respublika daxilində bölgələrə səfərlərini, yeni istehsal və emal müəssisələrinin təməlqoyma və açılış mərasimlərini əks etdirir. Tarix üçün əhəmiyyətli olan sənədlər 2016-cı ildə dövlət başçısının İsveç Krallığının, Böyük Britaniyanın, İtaliyanın, Niderland Krallığının, Türkiyənin, Rusiyanın, İranın, Pakistanın, Belarusun, Mərakeşin, Eritreyanın hökumət və dövlət nümayəndələrinin, ayrıca beynəlxalq təşkilatların nümayəndələrini qəbul etməsini əks etdirir. Eyni zamanda, dövlət başçısının rəhbərliyi ilə Nazirlər Kabinetində 2016-cı ildə keçirilən iclaslar, Azərbaycana yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edilməsi mərasimləri, idman və mədəniyyət sahəsində gerçəkləşdirilən dövlət layihələri, respublikamızda keçirilən beynəlxalq sərgilər təqdim olunan fotosənədlər sırasında yer alıb.
Hazırda təhvil alınmış sənədlərin milli arxiv fonduna qəbulu rəsmiləşdirilir.