“Terrorçular saxta sənədlərlə qaçqın və məcburi köçkün adı altında sərhədi keçirlər” Hadisə

“Terrorçular saxta sənədlərlə qaçqın və məcburi köçkün adı altında sərhədi keçirlər”

Aleksandr Bortnikov: "Son zamanlar əmək miqrantları və turistlər arasında quldurların sayının kəskin artdığını müşahidə edirik"

Rusiya paytaxtında MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbələri Şurasının 43-cü iclası keçirilir.
İclasda Yaxın Şərqdəki qaynar nöqtələrdən qayıdan terrorçulara qarşı mübarizə məsələləri müzakirə olunur. Əsas diqqət terrorçuluq və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlığın effektivliyinin artırılması, birlik ölkələrinin təhlükəsizliyinin təmin olunmasına dair məsələlərə yönəlib.
İclasda MDB ölkələri ilə yanaşı, Almaniya, İspaniya, İtaliya, Serbiya və Fransanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndə heyətləri də iştirak edir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov çıxışında Rusiya xüsusi xidmət orqanlarının MDB-dən olan tərəfdaşlarına beynəlxalq terrorçu təşkilatlarla əlaqədə şübhəli bilinən 300 nəfərə yaxın şəxsi təhvil verdiyini bildirib: "Onlardan 217 nəfəri cinayət məsuliyyətinə cəlb olunub. Təhlükəsizlik orqanlarının məlumatları əsasında sərhəd nəzarətinə terrorçu və dini-eltremist strukturlarla əlaqədə şübhəli bilinən MDB ölkələrinin 20 min nəfərə yaxın vətəndaşı göndərilib".
FTX rəhbəri terrorçuların taktika dəyişdirdiyini də vurğulayıb: "Qruplaşma başçıları öz tərəfdaşlarını "avtonom cihad"a keçməyə istiqamətləndirirlər. Onlar tərəfdaşlarını mülki şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürməyə yönəldirlər. Onların hədəfləri isə şəhər və sosial infrastruktur obyektləri olur".
A. Bortikov terrorçu təşkilatların Suriya və İraqda məğlubiyyətdən sonra öz qüvvələrini Yaxın Şərqdən kənara, xüsusilə də Əfqanıstana göndərdikllərini söyləyib: "Əfqanıstanda isə onlar birbaşa MDB ölkələrinə təhlükədirlər. Terrorçular saxta sənədlərlə qaçqın və məcburi köçkün adı altında sərhədi keçirlər. Son zamanlar əmək miqrantları və turistlər arasında quldurların sayının kəskin artdığını müşahidə edirik".
İclasda eyni zamanda MDB ölkələri Antiterror Mərkəzinin rəhbəri Andrey Novikovun qurumun 2018-ci il üçün planları və təlimləri ilə bağlı məruzəsi dinlənilib.
Qeyd edək ki, MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbələri Şurasının 43-cü iclasında Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev də iştirak edir.