“1918-ci il azərbaycanlıların soyqırımı və Holokost: müasir ideya-nəzəri yanaşmalar” mövzusunda konfrans Hadisə

“1918-ci il azərbaycanlıların soyqırımı və Holokost: müasir ideya-nəzəri yanaşmalar” mövzusunda konfrans

AMEA-nın Fəlsəfə İnstitutunda "1918-ci il azərbaycanlıların soyqırımı və Holokost: müasir ideya-nəzəri yanaşmalar" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə çıxış edərək erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımların həyata keçirildiyini bildirib. Qeyd edib ki, 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik silahlı dəstələri Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə on minlərlə dinc sakini etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar məhv edilib.
İ.Məmmədzadə hadisələrə ilk siyasi qiymətin ümumilli lider Heydər Əliyev tərəfindən verdiyini və ulu öndərin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" 18 yanvar 2018-ci il tarixli Sərəncamını xatırladan alim bu istiqamətdə silsilə tədbirlərin davam etdiriləcəyini söyləyib. Alim İkinci Dünya Müharibəsi dövründə oxşar faciə ilə yəhudilərin də üzləşdiyini, etnik mənsubiyyətinə görə, alman faşistləri tərəfindən 6 milyona yaxın yəhudinin soyqırıma məruz qaldığını deyib.
Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək "1918-ci il azərbaycanlıların soyqırımı"nı və Holokost qətliamını XX əsrdə bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırıb. Akademik hər iki xalqın məhz etnik mənsubiyyətinə görə, bu faciələrin qurbanı olduğunu söyləyib. O, bu faciələrin fəlsəfi aspektlərinin araşdırılmasında və cəmiyyətə çatdırılmasında Fəlsəfə İnstitunun üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Daha sonra konfransda fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyeva "Soyqırım - tarixə müasir fəlsəfi-etik yanaşma", tarix üzrə elmlər doktoru Vaqif Abışov "XX əsrin əvvəllərində azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımlar", fəlsəfə üzrə elmlər doktoru Afaq Rüstəmova "Holokost - XX əsrdə bəşəriyyətə qarşı cinayətdir", fəlsəfə üzrə elmlər doktoru Ziba Ağayeva "Soyqırım - sosial-fəlsəfi təhlil" və fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov "Beynəlxalq hüquqi sənədlərdə soyqırım məsələsi - fəlsəfi-siyasi aspekt" mövzusunda məruzələrlə çıxş ediblər.