Gəncədə “Novruz mühazirəsi” keçirilib Hadisə

Gəncədə  “Novruz mühazirəsi” keçirilib

Martın 6-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində "Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu" mövzusunda növbəti "Novruz mühazirəsi" keçirilib.
tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə şəhər İH başçısının birinci müavini Elnur Rzayev, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib. Ölkənin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Çin və digər ölkələrdən 30 nəfər əcnəbi tələbə də iştirakçılar sırasında olub.
Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən tədbirdə qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mühazirə iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov prezidentin sərəncamına əsasən 2018-ci ilin ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini diqqətə çatdıraraq bunu tarixi hadisə adlandırıb. Həmin dövrdə xaricdə təhsil siyasətinin, eləcə də milli kadrların hazırlanmasının strateji hədəflərdən olduğunu nəzərə çatdıran nazir müavini xalq təhsili və maarifləndirmə üzrə ilk nazirliyin - Xalq Maarif Nazirliyinin yaradılmasının, məktəblərin milliləşdirilməsi siyasətinin AXC dövründə həyata keçirildiyini vurğulayıb. O, Bakı Dövlət Universitetinin açılması ilə yanaşı, parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrə yola salındığını da deyib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxışında bildirib ki, ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində qeyd edilməsi barədə sərəncamı dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir. Sonra iştirakçılar tarix elmləri doktoru, professor Solmaz Rüstəmova - Tohidinin "Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu" mövzusunda mühazirəsini dinləyiblər.
Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən "Novruz mühazirələri" keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər populyar dildə ictimaiyyətə çatdırılır.