Avropalı gənc alimlər Azərbaycan həqiqətləri barədə məlumantlandırılıblar Hadisə

Avropalı gənc alimlər Azərbaycan həqiqətləri barədə məlumantlandırılıblar

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Macarıstanın Debrecen Universitetində Qarabağla bağlı təqdimat və kitab sərgisi təşkil edib. Cəmiyyətdən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Münaqişə zonalarında humanitar fəlakət və tarixi-mədəni irsin məhv edilməsi Avropa alimlərinin baxışında" layihəsi çərçivəsində keçirilən tədbirə 200-dək gənc alim, doktorant və magistr qatılıb. Gənc alimlər, doktorantlar, magistrlər üçün nəzərdə tutulan tədbirdə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılmış və total saxtalaşdırılmış tarixi-arxeoloji abidələr haqqında tarixi həqiqətlər iştirakçıların diqqətinə çatdırılıb.
Macarıstanın Pannonia Universitetinin müəllimi, Avropa Gənc Alimlər Şurası (EURODOC) İdarə Heyətinin üzvü Peter Szabo bu cür maarifləndirici tədbirlərin gələcəkdə də təşkilinin əhəmiyyətini vurğulayıb. O, həmçinin EURODOC və Macarıstanın DOSZ təşkilatı ilə AGAAMC arasında əməkdaşlıqdan danışıb. Layihənin rəhbəri, AGAAMC-nin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Azərbaycanda multikulturalizm artıq dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan 25 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Dağlıq Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirir. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb.
Layihənin eksperti, tarix üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli diqqətə çatdırıb ki, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya, 292 ölkə və 330 yerli əhəmiyyətli, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri qalıb. Hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən sayılan Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin özünün və ya rəqib tərəflərin ərazisindəki mədəni dəyərlərin qorunmasını, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Həmçinin işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" konvensiyasının pozulmasıdır.

Sonra Qarabağ abidələrinin münaqişədən əvvəlki və ermənilər tərəfindən dağıdılmış vəziyyətini əks etdirən fotolar və sənədli film nümayiş olunub.
Sonda münaqişə zonalarında maddi-mədəniyyət abidələrinin dağıdılmasına biganə qalmamaları və buna qarşı mübarizə aparmaları üçün avropalı gənc alim və tədqiqatçılara müraciət olunub. Kitab sərgisində Azərbaycan tarixi, həqiqətləri, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlarla bağlı nəşrlər nümayiş olunub. Kitablardan bəzi nüsxələr Debrecen Universitetinin kitabxanasına hədiyyə edilib, eyni zamanda, iştirakçılara paylanılıb. Sərgidə əsasən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun, Arxeologiya və Etnoqrafiya İnstitutunun ingilis dilində nəşr olunmuş kitabları yer alıb.