ADA Universitetində Nəsimi yaradıcılığına dair plenar müzakirə Hadisə

ADA Universitetində Nəsimi yaradıcılığına dair plenar müzakirə

Sentyabrın 28-də "Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı" çərçivəsində ADA Universitetində "Türkdilli mistik poeziyanın və fəlsəfənin inkişafında Nəsiminin rolu" mövzusunda plenar müzakirə keçirilib. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Azərbaycanda ilk dəfə "Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı" nın keçirildiyini bildirib. Qeyd olunub ki, Şərqin dahi şair və mütəfəkkirlərindən olan İmadəddin Nəsiminin yaradıcılığına həsr edilən festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır. Festival çərçivəsində silsilə tədbirlərin keçirildiyini deyən prorektor Nəsimi irsinin araşdırılması, tədqiq və təbliğ edilməsi üçün Azərbaycana xarici ekspertlərin dəvət olunduğunu diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyinin əməkdaşı Araz Bağırlı bildirib ki, şeir və sənətin yaşadılması məqsədi daşıyan festivalda müxtəlif ölkələrdən dəvət olunan alimlər bir araya gələcək, Nəsimi irsi və Azərbaycan ədəbiyyatı ilə bağlı fikir mübadiləsi aparacaqlar. Gələn il İmadəddin Nəsiminin anadan olmasının 650-ci ildönümünün tamam olacağını deyən A.Bağırlı bu elmi konfransların davam edəcəyini bildirib.
ADA Universitetinin dosenti Anar Vəliyevin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan ilə yanaşı, Türkiyə, ABŞ, Almaniya, Rusiya və İrandan tanınmış tədqiqatçılar, türkoloqlar, nəsimişünaslar İmadəddin Nəsiminin yaradıcılığına dair çıxışlar ediblər. Alimlər və tələbələr diskussiya şəraitində Nəsimi yaradıcılığı barədə müzakirə aparıblar.