Bakıda beynəlxalq dodaq və damaq yarığı konfransı keçiriləcək Hadisə

Bakıda beynəlxalq dodaq və damaq yarığı konfransı keçiriləcək

Oktyabrın 26-dan 28-dək Bakıda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ), Türkiyə dodaq və damaq yarıqları dərnəyi, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi, Azərbaycan ağız və üz-çənə cərrahları cəmiyyətinin təşkilatçılığı ilə "Beynəlxalq dodaq və damaq yarığı konfransı" keçiriləcək. ADHTİ-də keçiriləcək konfransın proqramı dodaq və damaq yarıqlarının və üz nahiyəsində yaranan müxtəlif toxuma qüsurlarının rekonstruksiyası cərrahiyyəsinin ən mübahisəli problemlərinin həllinə yönəldilmiş elmi araşdırmaların nəticələrini əhatə edir. Eyni zamanda, konfrans ölkəmizdə çalışan həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə tibbin bu sahəsində son yenilikləri müzakirə etmək imkanı yaradacaq.
Konfrans Səhiyyə Nazirliyində akkreditasiyadan keçib və iştirakçılara kredit ballarla təmin olunan sertifikatlar veriləcək. Anadangəlmə anomaliya olan dodaq və damaq yarıqlarına hər min doğumdan, damaq yarıqlarına isə hər 2,5 min doğumdan bir rast gəlinir. Dünyanın hər yerində qeydə alınan bu anomaliyalar uşaqlar arasında psixi və fiziki inkişaf problemlərinə səbəb olur. Onun aradan qaldırılması üz-çənə cərrahiyyəsinin ən aktual problemləri sırasına aiddir. Bir çox ölkələrdə məsələnin aktuallığını nəzərə alaraq dodaq və damaq yarıqları dərnəkləri yaradılır və bu istiqamətdə ciddi elmi araşdırmalar aparılır. Ölkəmizdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında aparılan elmi tədqiqatların nəticələri, tətbiq olunan cərrahi əməliyyatlar dodaq və damaq yarıqlarının müalicəsində uğurla istifadə olunur.