Riyaziyyatçı alimlərimiz beynəlxalq konfransda Hadisə

Riyaziyyatçı alimlərimiz beynəlxalq konfransda

Moskvada Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor L.Kudryavtsevin 95 illik yubileyinə həsr olunmuş "Funksiyalar fəzası. Diferensial operatorlar. Riyaziyyat təhsilinin problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elmi konfransda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və riyazi analiz şöbəsinin baş elmi işçisi Rövşən Bəndəliyev iştirak ediblər.
İnstitutdan bildiriblər ki, konfransın plenar iclasında V.Quliyevin "Karnot qrupunda kəsr inteqral operatorun kommutatorunun Orliç fəzalarında Lipşist funksiyaları ilə xarakterizasiyası", R.Bəndəliyevin "Qarışıq normalı Lebeq fəzalarında Hausdorf operatorunun məhdudluğu" mövzularında məruzələri dinlənilib. Alimlərimiz konfransın "Funksiyalar nəzəriyyəsi və funksional fəzalar" seksiyasına rəhbərlik ediblər.
Ezamiyyət müddətində, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsinin (EIF-BGM-4-RFTF-1/2017-21/01/1) qalibi olmuş "Morri tipli fəzalar və xüsusi törəməli diferensial tənliklərə tətbiqləri" adlı elmi-tədqiqat proqramı çərçivəsində professor V.Burenkov ilə Moskvanın Xalqlar Dostluğu Universitetinin Nikolski adına Riyaziyyat İnstitutunda elmi araşdırmalar aparılıb. Onlar İtaliya, Qazaxıstan, Rusiya, Çin, Yaponiya və İndoneziyadan olan alimlərlə görüşüb, birgə elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.