Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb Hadisə

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib.
Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdə olan məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş müsabiqənin 2018-ci il noyabrın 8-dən dekabrın 14-dək "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirildiyini bildirib.
Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Rasim Həsənov Fondun keçirdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyini stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə 112 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.
Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və qalib jurnalistlər iştirak ediblər.
Fondun icraçı direktoru Vuqar Səfərli tədbiri giriş sözü ilə açaraq Azərbaycan mediasının daim dövlətimizin başçısının xüsusi diqqət və qayğısını hiss etdiyini bildirib. Bu qayğıkeş münasibətə görə ölkə jurnalistləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü ifadə edən V.Səfərli dövlətimizin başçısını doğum günü münasibətilə təbrik edib, xalq və dövlət naminə yorulmaz fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb.
Vüqar Səfərli il ərzində dövlət və cəmiyyət həyatında prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə, jurnalistlərin peşəkarlığının artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması və yaradıcı əməyinin stimullaşdırılması məsələlərinə xüsusi diqqət ayrıldığını bildirib.
İcraçı direktor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2018-cı ildə 33 qəzetə maliyyə dəstəyini davam etdirib. Vüqar Səfərli həmin qəzetlərdə Azərbaycan Respublikasında KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə 6 mindən çox yazı dərc edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Fond 2018-ci il ərzində 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının yaranmasının 143-ci ildönümü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələri təşkil edib. Bundan əlavə, il ərzində Fond Müəllif Hüquqları Agentliyi, Suraxanı və Qaradağ rayon icra hakimiyyətləri, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə 7 əlavə müsabiqə keçirib. Ümumilikdə, 2018-ci ildə keçirilmiş 10 müsabiqədə 818 nəfər iştirak edib, onlardan 420 nəfəri qalib olaraq mükafatlandırılıb.
İcraçı direktor, həmçinin bildirib ki, Fond il ərzində "Azərbaycan media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələrin jurnalist təşkilatları tərəfindən həyata keçirilməsini maliyyələşdirib.
İcraçı direktor Fondun ötən illərdə əsası qoyulmuş ənənəni davam etdirərək son 1 ildə fərdi yazı müsabiqələrində I yerə layiq görülmüş 55 nəfər jurnalistin yazılarını "Sözün zirvəsində" adlı kitabın II cildində nəşr etdirdiyini diqqətə çatdırıb. Bundan əlavə, Fond 2018-ci ildə Dağlıq Qarabağda erməni separatizminin 30 illiyi ilə əlaqədar "Dağlıq Qarabağda erməni separatizminin 30 ili: qlobal təhlükə" adlı kitab nəşr etdirib. Kitabda Fondun maliyyə yardımı ilə 2017-2018-ci illərdə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti üzrə layihə icra etmiş 5 qəzetdə - "Palitra", "Bakı-xəbər", "Yeni Müsavat", "Xalq Cəbhəsi" və "Azərnews" qəzetlərində dərc olunmuş yazılar toplanıb. İcraçı direktor qeyd edib ki, kitabda separatizmi dəstəkləyən Ermənistan dövlətinin xüsusilə də son 30 ildə Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi işğalçılıq, soyqırımı, terror və deportasiya siyasəti konkret faktlar əsasında ifşa edilir, bu məkrli siyasətin qlobal planda sülh və sabitlik üçün təhdid olduğu vurğulanır.
Vüqar Səfərli 2018-ci ilin "Azərbaycanda Xalq Cümhuriyyəti ili" elan edilməsi ilə əlaqədar oktyabr ayında aparıcı media nümayəndələrindən ibarət nümayəndə heyətinin Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinə, noyabrda isə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərinə səfərlərinin təşkil edildiyini xatırladıb.
Çıxışını davam etdirən icraçı direktor Vüqar Səfərli internet media resurslarının sürətlə inkişaf etdiyi hazırki dönəmdə çap mediasının müəyyən problemlərlə üzləşdiyini təəssüflə vurğulayıb. Vüqar Səfərli bildirib ki, qəzetlərin fəaliyyətində əsaslı dönüşə nail olunması üçün hazırda Fondun maliyyə yardımı müsabiqəsinin şərtlərində əsaslı dəyişikliklərin edilməsi, tələblərin sərtləşdirilməsi, habelə internet media resurlarının da maliyyələşdirilməsi məsələləri nəzərdən keçirilir.
İcraçı direktor, həmçinin fərdi jurnalist yazıları müsabiqələri üçün mövcud şərt və meyarlarda da yeni dövrün tələblərinə uyğun mütərəqqi yeniliklərin ediləcəyini, şəffaflığın təmini üçün əməkdaşlardan elektron əmək müqaviləsi bildirişlərinin tələb olunacağını vurğulayıb.
İcraçı direktor Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə noyabrın 8-dən dekabrın 14-dək KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 64 kütləvi informasiya vasitəsindən 160 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirib.
Vüqar Səfərli Fondun Müşahidə Şurasının ekspertlərin yekun balları əsasında 112 nəfər jurnalistin qalib kimi təsdiqləndiyini vurğulayıb. İcraçı direktor müsabiqənin şərtlərinə əsasən, I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib.
Fondun ekspertlərindən - Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, habelə Fondun Müşahidə Şurasının üzvü Bəhruz Quliyev çıxış edərək keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, qalibləri təbrik ediblər. Ekspertlər çıxışlarında yazılarda peşəkarlıq və məsuliyyətin artdığını bildirməklə yanaşı, qüsurların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflərini bildiriblər.
Sonra 19 istiqamətin hər biri üzrə müsabiqə qaliblərinin adları açıqlanıb.
Tədbirə yekun vuran Vüqar Səfərli media nümayəndələrini bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onları Fondun keçirdiyi digər müsabiqələrdə də fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, "Xalq cəbhəsi" qəzetinin 5 əməkdaşı Fondun keçirdiyi müsabiqədə qalib olublar.