BAXCP sədri Yaşar Kələntərlini təbrik edib Hadisə

BAXCP sədri Yaşar Kələntərlini təbrik edib

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın baş katibi Yaşar Kələntərlini 60 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

"Hörmətli Yaşar bəy!
Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, şəxsi həyatınızda və işlərinizdə uğurlar arzulayıram.
Siz Azərbaycanda 1988-ci ildən başlayan Milli Azadlıq Hərəkatının öncüllərindən biri olmaqla yanaşı, həm Azərbaycan gəncliyinin vətənimizin istiqlalı uğrunda mübarizəyə cəlb olunması, həm də Ermənistanın işğalçılıq siyasətinə və bu siyasətə dəstək verən qüvvələrə qarşı müqavimətin təşkil olunmasında ciddi rol oynamısınız.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilatlanmasında, ideyalarının təbliğində və yayılmasında yorulmadan çalışmısınız.
Siz bu gün də öz qarşısına böyük hədəflər qoyan və millətimizin strateji hədəflərinin həyata keçirilməsi uğrunda mübarizə aparan BAXCP-nin baş katibi kimi fəaliyyətinizi uğurla davam etdirirsiniz.
Bu gün bizim birlikdə Azərbaycan cəmiyyətinə təqdim etdiyimiz yeniliklər xalqımızın həyata keçirilməsi labüd olan arzuları, istəkləridir. Biz, kiçik maraqların, ambisiyaların deyil, dövlətimizin inkişafına, Azərbaycanımızın bütövlüyünə xidmət edən böyük idealların arxasınca gedirik. O idealların ki, tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, dövlətçilik ənənələrimizə söykənir.
Hörmətli Yaşar bəy!
Hesab edirəm ki, illər keçdikcə Siz hər zaman olduğu kimi öz şərəfli keçmişinizdən qürur duyacaqsınız.
Sizi bir daha təbrik edir, fəaliyyətinizə və xidmətlərinizə görə dərin təşəkkürümü bildirirəm".