“Sən uğura layiqsən, uğur sənsən” mövzusunda seminar keçirilib Hadisə

“Sən uğura layiqsən, uğur sənsən” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ilahiyyatçı Rəşadət Hidayətovun təqdimatında "Sən uğura layiqsən, uğur sənsən" mövzusunda seminar keçirilib.
Aİİ rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi seminarı İnstitutun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov idarə edib. A.Qafarov tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə müxtəlif mövzularda təşkil olunan seminarların xüsusi rol oynadığını vurğulayıb.
İnstitut rəhbəri C.Məmmədov tələbələrə uğura nail olmaq, qarşıya qoyulan məqsədə çatmaq və sənətində peşəkar kimi püxtələşmək üçün oxumaq, öyrənmək haqqında daha çox düşünməli olduqları barədə tövsiyələr verib. Rektor uğura çatmaq üçün bilik və elmin xüsusi rol oynadığını qeyd etməklə yanaşı, bu istiqamətdə, həmçinin səbirli olmağın, çətinliklərə dözməyin vacibliyini vurğulayıb.
Rəşadət Hidayətov "Sən uğura layiqsən, uğur sənsən" mövzusunda çıxış edərək bildirib ki, seminarın əsas məqsədi insanın uğurla güclü və sarsılmaz əlaqə qurub onunla bütünləşərək, müvəffəqiyyətə nail olmağın üsullarını öyrənməkdir. O vurğulayıb ki, uğura inanmaq hər zaman vacibdir. R.Hidayətov bildirib ki, insanın uğursuzluqları uğura çevirə bilməsi üçün çalışması özünə verə biləcəyi ən böyük mükafatdır.
Seminarda qeyd edilib ki, uğur – qanunları, əxlaq qaydalarını pozmadan məqsədə çatmaq üçün nəticə əldə etməkdir.
Tələbələrin qatıldığı seminar maraqlı müzakirələrlə davam edib.