“AXC-nin yaranması Moskvanı narahat edirdi” Hadisə

“AXC-nin yaranması Moskvanı narahat edirdi”

Vaqif Abışov: "Həmin dövrdə Xalq Cəbhəsi üzvlərini, xüsusən də rəhbərlərini quldur, narkoman, avara adlandırırdılar"

"Halbuki, AXC-nin rəhbərlərinin demək olar ki, hamısı Azərbaycan Milli Elmlər Akademiyasında və Bakı Dövlət Universitetində çalışan alimlər idi"


Bu gün Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 25-ci ildönümüdür. Yada salaq ki, AXC Milli Azadlıq Hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilat olub.
1989-cu il iyulun 16-da Bakıda yarımgizli konfransda təsis edilən AXC-nin sədri Milli Azdalıq Hərəkatının lideri Əbülfəz Elçibəy seçilib. AXC yaranarkən 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb və AXC hakimiyyətə gələndən sonra bu şəxslərin əksəriyyəti yüksək vəzifələrdə təmsil olunublar. Bu gün Azərbaycanda fəaliyyət göstərən partiyaların bir çoxu AXC bazalı təşkilatlardır. Hərəkatda olan siyasətçilərin əksəriyyəti özlərinin ayrıca partiyasını yaradıblar.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının elm və təhsil məsələləri üzrə katibi, tarixçi alim Vaqif Abışov partiyanın mətbuat xidmətinə verdiyi geniş açıqlamada ilk öncə AXC-nin yaranma tarixinə diqqət çəkdi:"16 iyul Azərbaycan xalqının tarixində çox böyük önəm daşıyır. 1989-cu il iyulun 16-da bir neçə siyasi təşkilatın birləşməsindən Azərbaycan Xalq Cəbhəsi yarandı. AXC-nin yaranmasını zəruri edən o dövrün şərtləri idi. 1988-ci ildə Ermənistan SSRİ-nin, yəni sovet imperiyasının yaxından köməyi ilə Azərbaycana ərazi iddiası qaldırdı, Azərbaycanın əzəli torpaqlarını-Dağlıq Qarabağı işğal etmək üçün cəhdlərə başladı. Bir sözlə, separatizm genişləndi və belə bir dövrdə mərkəzi hökumət, yəni Moskva ermənilərin arxasında durub onları müdafiə etdi. İstər maliyyə, istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən Moskva ermənilərə dəstəyini əsirgəmədi. Baxmayaraq ki, vaxtı ilə SSRİ bir ittifaq idi və hamı orada bərabər hüquqa malik olmaqla Sovet İttifaqına çox böyük töhfələr verirdi. Azərbaycan da verdiyi töhfələrlə hər zaman fərqlənirdi. Ancaq bütün bunlar nəzərə alınmadı. Və o zaman Sovetlər İttifaqına rəhbərlik edən Mixail Qarbaçovun yaxından köməyi ilə ermənilərin Azərbaycana qarşı ərazi iddiası daha da geniş vüsət aldı. Halbuki, bu separatizmin qarşısı vaxtında alına bilərdi. Bu dövrdə erməni xalqı, Ermənistan rəhbərliyi birləşərək birgə fəaliyyət göstərirdilər".
Tarixçi alim o zaman Azərbaycanda nələr baş verdiyinə belə aydınlıq gətirdi:"Azərbaycanda kommunist partiyasının rəhbərliyi Azərbaycan xalqından uzaqlaşdı. Yəni o insanlarda vətən dərdi, torpaq hissi olmadı. Düşmənin torpaqlarımıza ərazi iddiasına laqeyd, biganə qaldılar. Mərkəzin göstərişi olmadan xalqa bir söz deyə bilmirdilər. Bu da xalqla Azərbaycan rəhbərliyi arasında uçurum yaratdı. Belə bir vəziyyətdə nə etmək lazım idi? Ermənilər o dövrdə mitinqlər təşkil edirdi-istər Dağlıq Qarabağda, istərsə də İrəvanda. Həmin mitinqlərə rəhbərlik edənlər Ermənistan Kommunist Partiyasının yüksək çinli məmurları idi. Yəni onlar buna çoxdan hazırlaşmışdılar. Azərbaycanda isə bu hadisə və siyasi proseslər birdən-birə elə formada qalxdı və cərəyan etdi ki, xalq nə edəcəyini bilmədi. Həmin vaxtlar Azərbaycanda təşkilatçılıq olmadan mitinqlər keçirilirdi. Elə buna görə də Azərbaycan xalqı ermənilərin ölkəmizə ərazi iddalarına lazımi formada etiraz edə bilmirdi. Yəni illərdir bu hadisələrə hazırlaşan, mütəşəkkil, peşəkar ermənilərə- həm də yuxarıda qeyd etdiyim kimi, arxasında böyük bir imperiya rəhbərliyinin durduğu Ermənistana qarşı- Azərbaycan xalqı əliyalın qaldı. Belə bir məqamda hər kəsi birləşdirən, xalqın maraqlarını hər şeydən uca tutan və torpaqlarımızın bütövlüyünü qorumaq üçün sözünü deməyi bacaran təşkilata ehtiyac yarandı. Bu təşkilatın adı müxtəlif ola bilərdi. Ancaq tale, zaman elə gətirdi ki, bu təşkilatın adı Azərbaycan Xalq Cəbhəsi oldu. Beləliklə, 1989-cu il iyulun 16-da AXC yarandı. Məsələ burasındadır ki, ilk dəfə deyildi ki, bu, Azərbaycanda yaranırdı. Xalq Cəbhələri Avropada çoxdan yaranmışdı. 1931-1936-cı illərdə Fransada Xalq Cəbhəsi faşizmin getdikcə tüğyan etdiyi bir vaxtda yarandı. SSRİ-nin dağılmasi prosesində Latviyada, Litvada və digər keçmiş SSRİ respublikalarında belə bir cəbhənin yaranması ənənəsi vardı. Azərbaycanda da xalqın kükrəyən, coşan qüvvəsini bir yerə toparlamaq, vahid bir istiqamatə yönəltmək, həm də onlara rəhbərlik etmək üçün təşkilata ehtiyac yaranmışdı. Yəni siyasi hadisələrin gedişi tələb edirdi ki, Azərbaycanda Xalq Cəbhəsi yaransın. Yadımdadır, o zaman "Varlıq", "Çənlibel" kimi təşkilatlar vardı və bu təşkilatlarda da aparıcı rolu bizim ziyalılar oynayırdı. Xüsusən də bunlar Elmlər Akademiyasının, universitet və istitutların müəllimləri idi. 1988-ci ildə ermənilərin Azərbaycana qarşı başlayan ərazi iddiası ziyalılarımızı ayıltdı ki, bu, adi məsələ deyil. Buna görə Azərbaycanın vətənsevərləri, millətsevərləri, torpaqsevərləri, ziyalılarımız birləşməyi qərara aldılar ki, xalq meydanlarda başsız qalmasın. Və onlar istər Dağlıq Qarabağda, istər ətraf rayonlarda, istərsə də mərkəz Bakıda xalqı bu yola istiqamətləndirmək üçün fəaliyyətə başladılar".
BAXCP katibi bildirdi ki, Azərbaycan Xalq Cəbhəsi vaxtında yaranmışdı:"Əgər 1989-cu ildə yaranmasaydı daha çox ərazi itkiləriylə, faciələrlə üzləşməli olacaqdıq. Bu təşkilatın rəhbərliyində olan ziyalılar bir çox anarxiyanın qarşısını aldılar, qüvvələri nizamlaya bildilər və vahid xəttə yönəltdilər. Bu təşkilatın yaranmasının böyük tarixi əhəmiyyəti vardı. Belə ki, o vaxtlar Xalq Cəbhəsinin bütün rayonları əhatə edən şöbələri yarandı və rayonlarda təşkilata ziyalılarımız rəhbərlik etməyə başladı. Həmin dövrdə xalq SSRİ-dən və Azərbaycan hökumətindən nə istəyirdi? İstəyirdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına son qoyulsun, erməni özbaşınalıqlarının qarşısı alınsın və Dağlıq Qarabağda separatizmin kökü kəsilsin".
Vaqif Abışov maraqlı bir tarixi fakta diqqət çəkdi:"1987-ci il noyabr ayında Mixail Qarbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqanbekyan Parisdə ermənilərin təşkil etdiyi konfransda iştirak etdikdən sonra Fransada nəşr olunan qəzetlərdən birinə verdiyi müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin mümkünlüyü məsələsini demişdi. Bu hadisədən sonra 1988-ci ilin yanvarında İrəvanda, Xankəndində mitinqlər keçirildi və Azərbaycana qarşı ərazi iddiaları başlandı. Belə bir məqamda Azərbaycan başsız qaldı. Əgər sovet hökuməti bunun qarşısını almaq istəsəydi separatçıları yerində oturda bilərdi. Ancaq görün nə baş verdi? Azərbaycanın müxtəlif bölgələrində silahlar yığılmağa başlandı. Ermənilər isə sürətlə silahlandırılırdı.
Ermənistanda müxtəlif təşkilatlar yarandığı, silahlandığı, qonşu ölkəyə təcavüzə hazırlaşdığı halda Moskva buna göz yumurdu. Dağlıq Qarabağda erməni separatçılarının qarşısı alınmırdı".
Tarixçi alimin sözlərinə görə, başa düşməyənlər üçün həmin dövrün hadisələrinə qiymət vermək asan gəlir: "Ancaq həmin dövr çox gərgin, həyəcanlı, qarmaqarışıq dövr olub.
Bax, belə bir dövrdə Xalq Cəbhəsi çox böyük bir missiyanı öz üzərinə götürdü və Azərbaycan öz müstəqilliyini bərpa edənə-1991-ci il 18 oktyabra- qədər bu missiyanı şərəflə öz çiyinlərində daşıdı.
AXC-nin yaranması və siyasi həyatda aktiv fəaliyyəti Moskvanı narahat edirdi. Azərbaycan Xalq Cəbhəsinə qarşı təxribat xarakterli hadisələr törədirdilir, xalq hərəkatının qarşısını almaq cəhdi göstərilirdi. Həmin dövrdə Xalq Cəbhəsi üzvlərini, xüsusən də rəhbərlərini quldur, narkoman, avara adlandırırdılar. Halbuki, AXC-nin rəhbərlərinin demək olar ki, hamısı Azərbaycan Milli Elmlər Akademiyasında və Bakı Dövlət Universitetində çalışan alimlər idi. Həmin dövrdə AXC-nin sədri AMEA-nın Əlyazmalar İnstitutunda çalışan Əbülfəz Elçibəy seçilmişdi".
BAXCP funksioneri dedi ki, Azərbaycan xalqına və onun önündə gedən AXC-yə qarşı ən böyük zərbə 1990-cı ilin yanvar ayında vuruldu:"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana sovet-rus qoşunlarının hərbi təcavüzü nəticəsində 131 nəfər şəhid oldu. Yüzlərlə dinc insanlar həbs olundu və yaralandı. Lakin Moskva xalqımızın qürur hissini qıra bilmədi. Azərbaycan xalqı Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi altında öz müstəqilliyinə qovuşana qədər mübarizəsini davam etdirdi. Nəhayət, 1991-ci il oktyabr ayının 18-də Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. AXC-nin keçdiyi mübarizə yolu geniş və zəngindir. Vaxt gələcək Azərbaycan Xalq Cəbhəsinin tarixi haqqında cildlərlə kitab yazılacaq və bu tarixi daha geniş öyrənəcəklər.
İndidən deyə bilərik ki, AXC-nin yaranması, fəaliyyəti haqqında məlumatlar orta və ali məktəb kitablarında, tədqiqat əsərlərində öz əksini tapır. Bu təşkilat artıq Azərbaycan xalqının qəlbinə hopub.
Bu gün də xalqımız torpaqlarımızı erməni işğalçılarından azad etmək uğrunda mubarizə aparır. Bu yolda hamıya uğurlar arzulayıram".