BSU-da yeni təlim-tədris mərkəzinin açılışı olub Hadisə

BSU-da yeni təlim-tədris mərkəzinin açılışı olub

anvarın 31-də Bakı Slavyan Universitetində Avropa İttifaqının "ERASMUS+" proqramının "PETRA" (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində yaradılmış təlim-tədris mərkəzinin açılışı olub. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycanın qabaqcıl universitetlərində dünya təhsil sisteminə, xüsusən də Avropa təhsil məkanına inteqrasiya istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, tədris prosesinin təkmilləşdirilməsi məqsədilə qabaqcıl təcrübədən faydalanmaqla bir sıra uğurlu layihələr həyata keçirilir. Bakı Slavyan Universitetində hazırda reallaşdırılan belə layihələrdən biri də Avropa İttifaqının "ERASMUS+" proqramının "PETRA" layihəsidir: "Bu layihə çərçivəsində yaradılmış təlim–tədris mərkəzi Bakı Slavyan Universitetinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək". Rektor bildirib ki, mərkəz tərəfindən müəllim və tələbə heyəti üçün zəruri təlim-seminarlar, işə yeni başlayan müəllimlərin universitet həyatına adaptasiya olması, magistrant və doktorantlar üçün uğurlu elmi-tədqiqat işinin təşkili və yerinə yetirilməsinin metodlarına həsr olunan kursların keçirilməsi təmin ediləcək. Avropa İttifaqının dəstəyi ilə təlim və tədris mərkəzini təchiz etmək üçün nəzərdə tutulan zəruri avadanlıq alınaraq lazımi qaydada quraşdırılıb.
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov layihənin mahiyyəti və gələcək planlar barədə məlumat verib. Bildirib ki, Bakı Slavyan Universiteti Avropa İttifaqının "ERASMUS+" proqramının "PETRA" layihəsinə tərəfdaş olaraq 2017-ci ilin iyul ayından qoşulub. R.Novruzov deyib: "Layihənin böyük hədəfi Azərbaycanda tədris və təlimdə mükəmməlliyin təşviq olunmasıdır. Başlanğıc, inkişaf, yayılma, istismar mərhələsindən ibarət olan layihə Azərbaycanın Bakı Slavyan Universiteti də daxil olmaqla 5 dövlət və 2 özəl universiteti təlim və tədrisin keyfiyyətinin təkmilləşdirilməsi üçün hədəf seçib. Universitetimiz layihə çərçivəsində başlanğıc mərhələsini keçib, hazırda inkişaf mərhələsindədir. Layihə üzrə nəzərdə tutulduğu kimi, işçi qrupu yaradılıb, onun tərkibi universitetin rektoru tərəfindən təsdiq edilib. Bu gündən isə yayılma, yəni mübadilə mərhələsi başlanır".
Qeyd edək ki, Bakı Slavyan Universiteti layihəyə qoşulduğu müddətdə universitetin əməkdaşları Türkiyənin Qazi, Avstriyanın Vyana Tətbiqi Elmlər Universiteti, Finlandiyanın Yuvaskyla və İspaniyanın Valensiya Politexnik universitetlərində müvafiq təlim, seminar və konfranslarda da iştirak edərək Avropa universitetlərinin təcrübəsindən bəhrələniblər. Bundan əlavə, universitet əməkdaşları layihə ilə əlaqədar Xəzər Universitetində təşkil olunmuş seminar və konfransda iştirak ediblər.