Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub Hadisə

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr edilən ədəbi-bədii tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ədibin məzarını ziyarət ediblər. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "Böyük demokrat ədib Cəlil Məmmədquluzadə haqqında söz" mövzusunda geniş məruzə ilə çıxış edib.
Bildirilib ki, Prezident İlham Əliyevin "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" 2019-cu il 17 yanvar tarixli Sərəncamının icrasına uyğun olaraq AMEA-da tədbirlərə start verilib. Bu tədbirlər böyük yazıçının dərin humanist məzmuna malik dram və nəsr əsərlərini, bədii publisistikasını özündə ehtiva edən irsini xalqa tanıtmaq baxımından olduqca əhəmiyyətlidir. Vurğulanıb ki, Mirzə Cəlil dühasının məhsulu olan "Molla Nəsrəddin" jurnalı XX əsrin əvvəllərində ictimai fikrin, bədii düşüncənin formalaşmasında mühüm rol oynayıb.
Cəlil Məmmədquluzadənin ana dilinin saflığı uğrunda daim mübarizə apardığını deyən akademik bildirib ki, nəsr və dramaturji yaradıcılığında sənətkar ədəbi dili xalq dili əsasında inkişaf etdirib. Cəlil Məmmədquluzadə cəsarətlə canlı danışıq dilini yazıya, hətta bədii əsərə gətirib. Onun "Anamın kitabı" əsəri azərbaycançılığın, Azərbaycan dilinin manifestidir.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Səadət Vahabovanın "Mirzə Cəlil yaradıcılığında milli mənlik problem" mövzusunda məruzəsi dinlənilib. Həmçinin Mehdiabad qəsəbəsi 1 nömrəli orta məktəbin direktoru Pənah Babayev və Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşı Səkinə Abbasova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Cəlil Məmmədquluzadə çoxşahəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biridir. Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması və s. yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır. Ədibin ədəbi-ictimai fəaliyyətinə nəzər yetirdikdə bir daha əmin olursan ki, bu çoxşaxəli fəaliyyətin arxasında Vətən sevgisi, xalqına, onun dilinə böyük məhəbbət dayanır.
Məktəbin müəllimi Vüsalə Həsənovanın rəhbərliyi ilə şagirdlər Cəlil Məmmədquluzadənin əsərlərindən səhnələr nümayiş etdiriblər, habelə yazıçıya həsr olunmuş şeirlər səsləndiriblər. Foyedə Cəlil Məmmədquluzadənin ev-muzeyi və institutun kitabxanası tərəfindən sərgi təşkil edilib. Sərgidə yazıçının əsərlərindən və haqqında yazılmış məqalələrdən ibarət kitablar nümayiş olunub.