ADPU-nun əməkdaşları Londonda Hadisə

ADPU-nun əməkdaşları Londonda

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan unversitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" (EQAC) layihəsi çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı Londonda yerləşən Middlesex Universitetində olublar. Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən sözügedən layihədə ADPU da daxil olmaqla 11 yerli və 5 avropalı tərəfdaş müəssisə iştirak edir.
ADPU-dam bildirilib ki, təlim səfərində tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, layihənin universitet üzrə meneceri Lətif Kəngərlinski, tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Xəyyam Cəfərzadə iştirak ediblər. Bütün təlimlər Middlesex Universitetində keçirilib. Səfər zamanı keyfiyyətin təminatı ilə bağlı bir sıra təqdimat və müzakirələrdən ibarət olan, zəngin proqramı əhatə edən təlim və seminarlar keçirilib. Ümumilikdə təlim zamanı əsas mövzular Milli Kvalifikasiya Çərçivəsi, təlim nəticələri, bacarıqlar və təhsildə keyfiyyətlə bağlı bir sıra digər məsələləri əhatə edib.
Təlimlər zamanı təhsilin keyfiyyətinin təminatında maraqlı tərəflərin təhlilinin aparılması, əhatəsinin müəyyənləşdirilməsinin əhəmiyyəti ilə bağlı "Maraqlı tərəflərin müəyyən edilməsi (mapping) və cəlb edilməsi", keyfiyyətin əsas aspektlərinin ümumi izahına həsr olunmuş "Keyfiyyətə baxış", kursun çatdırılma və dizaynı ilə bağlı "Akademik inkişaf, qiymətləndirmə və təhlil" mövzularında müzakirələr aparılıb. Həmçinin "Milli keyfiyyət çərçivəsi" mövzusunda, öyrənmə nəticələri ilə səriştə arasındakı qruplaşmağa-uyğunlaşmağa fokuslanmaqla bağlı "Səriştə və öyrənmə nəticələrinin birləşməsi", "Qiymətləndirmə təcrübələrinin nümayişi", "İllik monitorinq", "Keyfiyyətin təminatının akademik departamentlərə təsiri" və digər mövzularda təqdimatlar nümayiş olunub, müzakirələr aparılıb.
Qeyd etmək lazımdır ki, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və onların iş prinsipinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihə çərçivəsində ötən müddətdə xarici mütəxəssislərin iştirakı ilə bir sıra təlimlər keçirilib, o cümlədən 3 xarici səfər baş tutub. Təlimlərin sonunda Azərbaycan Respublikasının Londondakı səfirliyinin əməkdaşının, Middlesex Universitetinin prorektorunun və proqram rəhbərinin iştirakı ilə bütün əməkdaşlara sertifikatlar təqdim edilib.