Repressiyaya uğrayan barmaqlar Hadisə

Repressiyaya uğrayan barmaqlar

Xədicə Qayıbova Şərq Konservatoriyasının əsasını qoymuşdu...

Akademik Ziya Bünyadovun uzun sürən axtarışları nəticəsində məlum oldu ki, repressiya illəri musiqi sahəsindən də yan keçməyib. Azərbaycanın ilk pianoçu qadını, muğamlarımızın pianoda ilk ifaçısı, peşəkar musiqiçi Xədicə xanım Qayıbova bu illərin musiqiçi qurbanlarından biri idi. Xədicə Qayıbovanın adı Azərbaycanda təkcə fortepianoda muğamların ilk ifaçısı kimi deyil, həm də repressiyaya məruz qalan iki musiqiçidən biri kimi tarixə düşüb. O, Azərbaycanın ilk peşəkar qadın pianoçusu və pianoda ilk muğam ifaçısı kimi tanınır. X.Qayıbova 1893-cü il mayın 24-də Tiflisin məşhur müsəlman ruhanisi Osman Müftizadənin ailəsində dünyaya gəlmişdi. Atası Osman Müftizadə qızına mükəmməl təhsil vermək arzusunda idi. Ata bunun üçün xeyli əziyyət çəkməli olur. Çünki öz maddi gücü buna imkan vermirdi. Elə bu vaxt tale onlara bir şans yetirir. Tiflisdə yerləşən "Müqəddəs Nina" qız məktəbinə daxil olan iki qızın dövlət hesabına oxuyacağı elan olunur. Ərizələrin qəbulu başlanır. Ancaq iki yerə 200 ərizə verilir. Püşkatma keçirilir və qəbul olunan iki qızdan biri olur balaca Xədicə. İlk elementar musiqi biliklərinə "Müqəddəs Nina" qız məktəbində yiyələnən Xədicə xanım ilk musiqi təhsilini də L.N.Knini və Truskovskidən alır. Lakin onun təhsil illəri uzun sürmür, ailəsinə bədbəxtlik üz verir. Atası, qardaşı və bacısı vərəmdən ölür. Artıq təhsilini davam etdirə bilməyəcəyini anlayan Xədicə xanım 1911-ci ildə arzularına müvəqqəti fasilə verir. Bu məqsədlə "Müqəddəs Nina" qız məktəbindən ayrılır. Və həmin gün də Qafqaz Ruhani İdarəsinin baş müftisi, məşhur din alimi Hüseyn Əfəndi Qayıbzadənin oğlu, yol mühəndisi Nadir Qayıbova ərə gedir. Həm Müftizadələrin, həm də Qayıbovların maarifpərvər, mədəni insanlar olması, ailə qurduqdan sonra da daha mükəmməl bir mühitdə yaşaması onun dünyagörüşünə təsirsiz ötüşmür. Bir müddət Tiflisdəki tatar məktəbində dərs deyir. 1919-cu ildə həyat yoldaşı Nadir Qayıbovla birlikdə Bakıya köçür. Bakı mühiti onun inkişafı üçün geniş imkanlar açır, o, qadın sənətçilərin az olduğu Bakıda ulduza çevrilir sanki. Burada tezliklə yeni mühitə uyğunlaşır, musiqi mədəniyyətinin fəal iştirakçısına çevrilir. Deyilənə görə, Hacı Zeynalabdin Tağıyevin Xədicə xanıma xüsusi hörməti varmış. Hətta ona serviz və çox qiymətli brilyant qaşlı üzük də bağışlayıbmış...
Xədicə xanımın Şah döngəsi, 16 nömrəli evi əsl musiqi ocağı idi. Burada mütəmadi olaraq musiqi məclisləri keçirilirdi. Dövrün ziyalıları, musiqiçiləri, şair və yazıçıları, elm xadimləri, aktyorları bu ocağa toplaşırdı. Ü.Hacıbəyov, F.Köprülüzadə, R.Qlierin, L.Rudolf, M.Pressman, Sarabski, Bülbül, eyni zamanda, Azərbaycanın və Türkiyənin dövlət adamlarının, görkəmli ziyalılarının iştirak etdiyi musiqi gecələrində Xədicə Qayıbova Azərbaycan milli musiqisinin gələcəyi, xalq nəğmələrinin mühafizə olunması, qadın musiqiçilərin təhsil imkanları haqda müzakirələr keçirir. Tədbirlərdə Türkiyənin görkəmli dövlət adamları və ziyalıları da olurdu. Belə musiqi gecələri nə qədər əyləncəli olurdusa, o qədər də xalqın maariflənməsi, qadınların təhsilə, eləcə də, səhnəyə cəlb edilməsi ilə bağlı söhbətlərlə zəngin idi. 1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdində Şərq musiqi şöbəsinə müdir təyin olunan Xədicə Qayıbova "Qısamüddətli Şərq musiqi kursları" təşkil etməyə nail olur və uşaq xoru yaradır. Şərq Konservatoriyasının əsasını qoyaraq, bura bütün peşəkar musiqiçiləri toplamağa nail olur. "Şərq musiqi kursları" ləğv olunduqdan sonra o, təhsilini davam etdirmək qərarına gəlir. 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə və bəstəkarlıq fakültəsinə daxil olaraq professor L.Abdan dərs alır. Fortepianoda muğam improvizasiyaları ifa etməsi, dastanların toplanması və bu qəbildən olan "əməlləri" onun təqib olunmasına gətirib çıxarır. Repressiya illərinin ağır zərbəsi təkcə insanlara qarşı deyil, həm də maddi və mənəvi abidələrimizə yönəlmişdi. Bu illərdə dastanlar, muğamlar, xalq musiqisi, milli alətlər "mürtəce" kimi tanınıdılırdı. "Zərərli" kimi qiymətləndirilir, onların inkişafı yolunda çalışan hər kəs təqib olunurdu. Bu baxımdan Xədicə xanımın təqib olunması mədəni irsə savaş açan bir rejim üçün normal idi.
1933-cü il... Həmin il təqiblər həbslə nəticələnir. Əksinqilabçılıqda və türkçülükdə günahlandırılaraq üç ay həbs olunsa da heç bir sübut olmadığı üçün azad edilir. 1934-cü ildən etibarən Konservatoriyada müəllim kimi fəaliyyətə başlayır. 1934-cü ildə həyat yoldaşı Nadir Qayıbovdan ayrılmalı olur. Ayrılıq səbəbi isə qəribədir. Çünki Nadir Qayıbov Xədicə xanıma görə təqib olunur, 1934-cü ildə iki dəfə həbs edilir. Səbəb Mir Cəfər Bağırovun Xədicə xanıma olan anormal heyranlığıdır. Bu illərdə iki övlad anası və evli olan bir qadına qarşı manyak sevgisi M.C.Bağırova bütün yollara əl atmaq imkanı verirdi. Artıq həyat yoldaşının növbəti həbsdə öldürüləcəyini duyan qadın ondan ayrılaraq ikinci dəfə başqa bir Qayıbovla - Rəşid bəy Qayıbovla evlənir. Ancaq Rəşid bəy 1937-ci ildə əksinqilabçılıqda ittiham olunaraq güllələnir. 1934-cü ildəki həbsindən sonra 1938-ci il martın 18-də ikinci və sonuncu dəfə həbs olunan Xədicə xanımın geri qayıtmaq şansı olmur. Həmin vaxt 12 yaşı olmuş qızı Alanqu Sultanova anasının həbs olunduğu o məşum gecəni belə xatırlayır: "Gecə gəlmişdilər. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi. Bibim Nigarın əri general Şıxlinski qardaşım Əbdülkərimə gözəl bir şaşka bağışlamışdı. Əsl sənət əsəri idi. Divardan, xalçanın üstündən asılmışdı. Onu da götürdülər..."
Xədicə xanım öncədən bilirdi ki, ona qarşı qondarma ittihamlar irəli sürüləcək və buna görə də cəzalandırılacaq. O, ən pis halda sürgün olunacağını gözləyirdi və psixoloji olaraq özünü buna hazırlayırdı. Heç bir halda güllələnəcəyini düşünmürdü, düşünə bilmirdi. Həyat eşqi ilə dolu olan bir qadın bunu düşünə bilməzdi... Sonradan onun haqda ictimai xadim, inqilabçı Sultan Məcid Əfəndiyevin həyat yoldaşı, "xalq düşməninin arvadı" kimi həbs olunmuş Zivər xanım Əfəndiyeva belə yazırdı: "Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: "Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyub-oynayacağam. Qoy onlar sevinməsinlər." Ona qarşı irəli sürülən ittihamlar ağır idi, əksinqilabçılıqda, xarici kəşfiyyatın casusu olmaqda ittiham edilirdi.
1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin üçüncü şöbə rəisinin müavini, leytenant Tevosyanın Xədicəxanım haqda hazırladığı arayışdan: "Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman, 1893-cü ildə anadan olan, Azərbaycan Dövlət Konservatoriyasının keçmiş müəlliməsi Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə idi, həmin qərargahların zabitlərini evinə qonaq çağırırdı. Azərbaycanın sovetləşməsindən sonra Qayıbova öz evində Müsavat firqəsinin liderlərindən olan Mustafa Vəkilovu gizlətmişdir. Vəkilovu həbs etmək üçün gələndə Qayıbova ona qaçmaq üçün imkan yaratdı. Vəkilov xaricə qaçıb və indi Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti azərbaycanlı Sultan Hüseynzadə gizlənirdi. Qayıbovanın evindən o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Əksinqilabi millətçi təşkilatının rəhbərlərindən biri - Fərəczadənin 1937-ci il iyulun 17-də verdiyi ifadədən görünür ki, Türkiyə kəşfiyyatının agenti Dadaş Bünyadzadə həmin kəşfiyyatla əlaqəsini Qayıbova Xədicə xanımın vasitəsilə saxlayırdı. Qayıbovanın əri Rəşid Qayıbov Azərbaycan SSR DİXK tərəfindən əksinqilabi millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. 1933-cü ildə Qayıbova casusluqda təqsirləndirilərək Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilmiş, amma ittiham sübut olunmadığı üçün azad edilmişdir. Yuxarıdakılara əsasən Qayıbova həbs edilib Azərbaycan SSR CM-nin 68-ci maddəsinə görə istintaqa cəlb edilməlidir". İstintaqın "Özünüzü müqəssir bilirsinizmi?" sualına cavabı "Mən əksinqilabi fəaliyyətlə məşğul olmamışam və bu barədə özümü müqəssir bilmirəm" olur. O, hətta keçmiş ərinin qohumu Əliağa Şıxlinski ilə tanış olmaqda və birgə fəaliyyət göstərməkdə ittiham olunur. Bundan başqa, sovetləşmədən sonra müsavat firqəsinin liderlərindən Mustafa Vəkilovun 10-15 gün onun evində gizləndiyi məlum olur. Xədicə xanım bunda heç bir məqsəd güdmədiyini desə də, bu, heç nəyi dəyişmir. O, eyni zamanda bildirir ki, Azərbaycan inqilabi komitəsinin sədri Davud Hüseynovun da bundan xəbəri olub. Onu şərləməyin, inadını sındırmağın o qədər də asan olmadığını anlayan rejimin icraedici canlı mexanizmləri işgəncəyə əl atır. Dindirmələr, fiziki iztirablar onu yorur, ümidini üzür. Aqibətini dərk edən bu zərif məxluq artıq süqutunu qəbul edir... Mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. Xədicə xanım Qayıbova Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi ilə müqəssir hesab edilir. Altı ay sonra isə Xədicə xanımı sarsıdan və əbədi susduran qərar çıxarılır: "Qayıbova Xədicə Osman qızı - Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin!" On beş dəqiqəlik məhkəmə ilə hökm verilir və oktyabrın 27-də icra edilir.
1954-cü ildə Alanqu Sultanova anasının günahsız həbs olunması ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir. 1955-ci il aprelin 28-də Xədicə xanım Qayıbovanın günahsız həbs olunması ilə bağlı hökm çıxarılır, ona bəraət verilir... Xədicə xanım həbs olunan gecə pal-paltarı yığılmış çamadanı götürməmişdi: "Mən pianoçuyam. Ağır şey qaldıra bilmərəm. Siz götürün" - demişdi. Ən dar günündə də piano çalan barmaqlarının qeydinə qalmışdı. Pianosuna yenidən qovuşacağı günün uzaqda olmadığı inancında idi. Lakin danışan dilləri susduran rejim onun pianonun ağ və qara dilləri üzərində gəzişən, ruha qida verən incə barmaqlarını da susdurdu...

Ülviyyə Tahirqızı