Azərbaycan Universitetində “Audiokitab” layihəsi Hadisə

Azərbaycan Universitetində “Audiokitab” layihəsi

Azərbaycan Universitetində “Audiokitab” layihəsinin təqdimatı olub. Universitetdən bildirilib ki, Azərbaycan Universiteti rektorunun məsləhətçisi, biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov qonaqları tədbir iştirakçılarına təqdim edib və layihənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, kitab hər bir insanın inkişafında böyük rol oynayır, şəxsiyyəti formalaşdıran ən böyük amillərdən biridir. Bu səbəbdən istər ənənəvi, istərsə səsli olsun, kitabın hər forması haqqında danışmaq olduqca qürurvericidir.

Layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov “Audiokitab”ın 2015-ci ildə fəaliyyətə başladığını, 2018-ci ilin dekabr ayından isə bütün dünyada yayımlandığını qeyd edib. Azərbaycanda ilk dəfə həyata keçirilən layihədə ədəbiyyatın bütün sahələrinə aid 700-dən çox kitab peşəkar aktyorların ifasında səsləndirilib. Səsləndirilən kitablara bədii ədəbiyyat, şifahi xalq ədəbiyyatı nümunələri, klassik və müasir Azərbaycan yazıçılarının əsərləri, dünya klassiklərinin dilimizə tərcümə edilmiş əsərləri, dərs vəsaitləri daxildir. “Audiokitab”da tarix elmləri doktorlarının, professorların Azərbaycan tarixi, türk xalqları və Şərq ölkələrinin tarixi haqqında mühazirələri öz əksini tapıb.

Yaradıcı heyətdən Əhliman Ərşadlı və Kamal Yaşar “Audiokitab”ın texniki tərəfləri haqqında məlumat verərək bildiriblər ki, layihə mobil tətbiq əsasında xidmət göstərir. AppStore yaxud GooglePlay vasitəsilə “Audiokitab” mobil tətbiqini ödənişsiz yükləyib kitablarla tanış olmaq mümkündür. Layihənin redaktoru Rafiq Şahbazov qeyd edib ki, kitabların səsləndirilməsi davam edir. “Audiokitab” ictimai nəqliyyatda səyahət zamanı, istirahətdə, müəyyən işləri yerinə yetirərkən kitab dinləməyə imkan yaradır. Gözdən əlil insanlar da layihədən asanlıqla faydalana bilərlər. “Audiokitab” sayəsində Azərbaycan tarixi və ədəbiyyatı ölkəmizin hüdudlarından kənarda yaşayan bütün həmvətənlərimiz üçün əlçatandır.

Sonda mətnləri səsləndirən aktyorlar Kamal Yaşar, Əhliman Ərşadlı, YUĞ Dövlət Teatrının aktrisası Təranə Ocaqverdiyeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı tədbir iştirakçıları üçün ədəbi nümunələr və şeirlər səsləndiriblər. Canlı ifalar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.