GMİ-nin nümayəndə heyəti Bakıda səfərdədir Hadisə

GMİ-nin nümayəndə heyəti Bakıda səfərdədir

İyulun 1-dən Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti Mənəvi Dəyərlərin Təbliği Fondunun dəvəti ilə Azərbaycanda səfərədir.
Səfər çərçivəsində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, İdarənin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müftisi Beglar Kamaşidze və katibi Oktay İsayev bir neçə dini qurum və təşkilatlarda olmuşlar. Onlar proqram üzrə Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Mənəvi Dəyərlərin Təbliği Fondunun sədri Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnistutunun rektoru Ceyhun Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və başqa dövlət rəsmləri ilə görüşmüşlər.
Eyni zamanda Gürcüstanın Azərbaycandakı səfirliyində olmuşlar.
Qonaqlar din və dövlət qurumlarının səlahiyyətləri, iş sahələri, həyata keçirdiyi layihə və tədbirlər barəsində tanış olmuşlar. Onlara Azərbaycanın Dövlət Din münasibətləri, Dövlətin dinlərə göstərdiyi diqqət və qayğılar haqqında məlumatlar verilib.
Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və müftiləri dəvətə görə Fondun rəhbərliyinə təşəkkür ediblər.
Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanda gedən bütün prosesləri yaxından izlədiklərini vurğulayan qonaqlar bildirib ki, Gürcüstanda da dövlət-din münasibətləri yüksək səviyyədə qurulub. Dövlətin digər dinlərlə yanaşı sağlam İslam dininin yaşaması yönündə göstərdiyi diqqət, dəstək və qayğıdan danışıb, təmsil etdikləri dini qurumun məqsəd və fəaliyyəti haqqında geniş məlumat veriblər.
Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri iki qardaş, strateji müttəfiq ölkənin hər sahələrdə olduğu kimi, dini sahədə də əməkdaşlığa hazır olduqlarını vurğulayıblar.
Qeyd edək ki, bir neçə gün davam edən səfər çərçivəsində Fəxri və Şəhidlər xiyabanını, müxtəlif dini-tarixi abidələri də ziyarət ediblər.