Rəsmi qəzetlərdə başsağlığı davası Hadisə

Rəsmi qəzetlərdə başsağlığı davası

Bir neçə gündür ki, rəsmi qəzetlərdə yer alan başsağlığı elanlarının yığışdırılması məsələsi müzakirə olunur. Bu günlərdə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Dini etiqad azadlığı və dini qurumlar haqqında" qanun layihəsinə dəyişikliklərlə bağlı açıqlamasında rəsmi şəxslərdən və Prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsinin qadağan olunacağını deyib.
O bildirib ki, qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb: "Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır".
Siyavuş Novruzovun bu fikri birmənalı qarşılanmayıb. "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deputat həmkarının iradlarını qəbul etməyib. O bildirib ki, başsağlığı qəzetin gəlir mənbələrindən biridir və bunun qadağan olunması işçilərin maaşına təsir edə bilər.
Millət vəkili Fazil Mustafa hesab edir ki, ümumiyyətlə, yas mərasimləri ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi vacibdir. Başsağlığı elanlarına gəlincə, Fazil Mustafa dövlətdən maliyyələşən qəzetlərdə bu tip məsələlərin qadağan olunmasının mümkün olduğunu söyləyib. Amma deputat ümumilikdə başsağlığıların qəzetlərdə verilməsinə qadağa tətbiq etməyin düzgün olmadığı qənaətindədir. O deyir ki, hər bir insanın öz hiss və duyğularını ifadə etmək hüququ var. Kim istəsə, bu duyğusunu qəzet vasitəsilə ifadə edə bilər. Ona görə də, müstəqil qəzetlərə belə bir məhdudiyyət qoymaq olmaz: "Amma mən rəsmi qəzetlərdən başsağlığıların yığışdırılmasının qəzetin keyfiyyətinə təsir edəcəyinə də inanmıram. Bununla belə, etiraf etmək lazımdır ki, bəzən insanlar rəsmi qəzetdə başsağlığı verməkdə də sanki yarışa girirlər".
"525"-ci qəzetin baş redaktoru Rəşad Məcid isə deyir ki, qadağalara yas mərasimlərindəki israfçılıqdan başlamaq lazımdır: "Əvvəl yas mərasimlərindən çəngəl-bıçaq-boşqab şıqqıltısını, israflı ehsanı, plovu yığışdırmaq, məzar yerləri və qəbirüstü abidələri nizama salmaq lazımdır. Qanunun gücü, möhkəm iradə və müdrik nümunə burada göstərilməlidir. Başsağlığı sonrakı məsələdir. Camaat ölməyə qorxur!"
Baş redaktor bildirib ki, dünyanın bütün nöqtələrində başsağlığı vermək ənənəsi mövcuddur: “Məşhur insanlar öləndə qəzetlərdə hətta yarım səhifəlik başsağlığı mətni dərc olunur. Bu, problem deyil. Problem bunun rəsmi qəzetdə dərc olunmasıdır. Siyavuş müəllim doğru deyir. Fikrimcə, rəsmi qəzet, ümumiyyətlə, olmamalıdır. “Rəsmi qəzet” ifadəsi yalnız Azərbaycanda mövcuddur. Başqa ölkələrdə “rəsmi qəzet” anlayışı yoxdur. İkincisi, əgər başsağlığının rəsmi qəzetdə verilməsi qadağan olunursa, bu zaman tender elanları da yığışdırılmalıdır. Mülki məcəllədə qeyd olunub ki, dövlət qurumlarının elan etdiyi tenderlər rəsmi qəzetlərin birində dərc edilməlidir. Bu məsələdə də dəyişikliyə gedilməlidir. Dövlət əhəmiyyətli yazılarla başsağlığı tipli yazıların eyni qəzetdə nə işi var? Yekun fikrim bundan ibarətdir ki, Azərbaycanda rəsmi qəzetlər ləğv olunmalıdır. Çünki dünyanın heç bir yerində bu anlayış yoxdur”.
Bəxtiyar Sadıqovun həm millət vəkili, həm də baş redaktor kimi fəaliyyət göstərməsi ilə bağlı fikirlərini bölüşən Rəşad Məcid qeyd edib ki, bu məsələyə çıxışlarında dəfələrlə yer verib: “Həm dövlət qurumlarının şirkət rəhbərləri, həm də digər vəzifəli şəxslər, qanuna əsasən, deputat seçilə bilməzlər. Məsələn, əvvəllər universitet rektorlarının əksəriyyəti deputat idi. Lakin son seçkidə onların sayı bir xeyli azaldı. Bununla yanaşı, artıq dövlət müəssisəsində işləyən şəxslərin də millət vəkili kimi fəaliyyət göstərməsi qanunla qadağandır, o cümlədən rəsmi qəzetin baş redaktorunun da”.
Baş redaktor bildirib ki, bir rəsmi qəzetdə yalnız dövlətin əhəmiyyətli elanlar, sərəncamlar, fərmanlar və qərarlar dərc edilməlidir: “Məsələn, Türkiyədə rəsmi qəzet bu istiqamətdə fəaliyyət göstərir. Ümumilikdə isə qəzet müstəqil olmalıdır. Bu, bütün dünyada belədir. Hakimiyyət qurumları özü qəzet yarada bilməz. Təəssüf ki, Azərbaycanda təkcə Milli Məclisin deyil, bütün nazirliklərin, Prezident Aparatının belə mətbu orqanı var. Əslində, bu da mülki məcəllə ilə qadağandır. Çünki bu qurumlar təsərrüfat obyektləri yarada bilməzlər. Arzu edirik ki, Azərbaycanda hökumət qurumlarının mətbuat orqanları ləğv olunsun və media müstəqil fəaliyyət göstərsin”.