Moskvada “Azərbaycanşünaslıq” adlı dərs vəsaiti nəşr edilib Hadisə

Moskvada “Azərbaycanşünaslıq” adlı dərs vəsaiti nəşr edilib

Moskvada “Postsovet və Regionlararası Tədqiqatlar İnstitutunun Əsərləri” seriyasından “Azərbaycanşünaslıq” adlı dərs vəsaiti nəşr edilib. Bu məlumatı nəşrin tərtibçilərindən biri – tarix elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) prezidenti, RDHU-nun Postsovet və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Yefim Pivovar açıqlayıb. O qeyd edib ki, bundan əvvəl həmin seriyadan Ukraynaya həsr edilmiş “Ukrainistika” və Qazaxıstandan bəhs edən “Qazaxıstanşünaslıq” adlı kitablar buraxılıb. “Azərbaycanşünaslıq” kitabında bugünkü Azərbaycan, onun xarici siyasəti, iqtisadiyyatı, Rusiya-Azərbaycan münasibətləri, qarşılıqlı investisiyalar və sair mövzulardan söhbət açılır.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Yefim Pivovar Azərbaycana həsr edilmiş bütöv bir elmin banisidir. M.Qusman deyib: “Müasir tarix üzrə mütəxəssis olan Yefim Pivovar “Azərbaycanşünaslıq” adlı bütöv bir elmin banisidir. Bu elm müasir şəraitdə həqiqətən çox böyük rol oynayır. Hazırda Pivovar Rusiya ali məktəbləri və elmi tədqiqat institutları üçün nəzərdə tutulan böyük bir əsər üzərində işi tamamlayır. Deyə bilərəm ki, o, Azərbaycan haqqında elmin banisidir. Bu elm Azərbaycan hüdudlarından kənarda nəşr edilən kitablarda öz maddi təcəssümünü tapır. Azərbaycanda ölkənin tarixini, ənənələrini, mədəniyyətini işıqlandıran görkəmli alimlər var. Lakin onların əsərləri, necə deyərlər, daxildən ərsəyə gəlir. “Azərbaycanşünaslıq” kitabı isə Rusiyada Yefim Pivovarın rəhbərliyi ilə hazırlanan Azərbaycan haqqında ilk ensiklopediyadır. Hesab edirəm ki, bu, ümumiyyətlə, bizim humanitar əlaqələrimizə və Rusiya-Azərbaycan dostluğunun inkişafına müəllifin böyük şəxsi töhfəsidir”.