Ərdoğanın inaqurasiya mərasiminə Oqtay Əsədov qatılacaq Hadisə

Ərdoğanın inaqurasiya mərasiminə Oqtay Əsədov qatılacaq

Türkiyənin yeni prezidentinin andiçmə mərasiminə Ermənistan prezidenti də dəvət alıb

Türkiyə prezidenti seçilmiş Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin təmsil etməsi gözlənilir.
APA-nın Türkiyənin rəsmi Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, artıq andiçmə mərasimində iştirak edəcək heyətlər dəqiqləşir.
Məlumata görə, mərasimdə 14 ölkəni prezident və dövlət rəhbəri, 8 ölkəni baş nazir, bir neçə ölkəni parlament sədri, digərlərini isə nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri təmsil edəcək.
Mərasimdə Rusiya və İranı xarici işlər nazirləri Sergey Lavrov və Mohammed Cavad Zarifin təmsil edəcək. ABŞ-dan gələcək heyət rəhbərinin adı isə hələlik bəlli deyil. Çin Xalq Respublikası da tədbirə xüsusi nümayəndə göndərəcəyini bildirib.
Maraqlıdır ki, Türkiyənin yeni seçilmiş prezidentinin andiçmə mərasiminə Ermənistan da dəvət edilib. "Armenia Today"in məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan "Miasin 2014" forumunun iştirakçılarının suallarını cavablandırarkən deyib.
S.Sarkisyanın sözlərinə görə, böyük ehtimalla Ermənistan Türkiyə prezidentinin andiçməsi mərasiminə xarici işlər naziri səviyyəsində qatılacaq.
Sarkisyan həyasızcasına deyib: "Nazirimiz Türkiyə prezidentinin gələn il aprelin 24-də "erməni soyqırımı qurbanları"nın xatirəsinin 100 illiyi ilə əlaqədar keçiriləcək mərasimə qatılıb-qatılmayacağı ilə bağlı maraqlanacaq".
Ermənistan-Türkiyə sərhədinin açılmasına gəldikdə isə S.Sarkisyan konkret tarix açıqlamaqda çətinlik çəkdiyini söyləsə də, qeyd edib ki, Ermənistan tərəfi bunun mümkün qədər tez olmasını arzulayır.