
"Son vaxtlar Azərbaycanda orta məktəblərlə bağlı hicab məsələsi gündəmə gəlib. Bununla əlaqədar konkret olaraq bildirmək istəyirəm ki, insanın Allaha sevgisi dini ayinləri yerinə yetirməsi ilə deyil, insanlığa xidmət etməsi ilə müəyyən olunur. İslam Azərbaycanda yaşayan insanların etiqad etdiyi din və mənəvi həyatımızın bir hissəsidir".
Bu barədə Redaktor.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) baş katibi Niyaməddin Orduxanlı bildirdi.
O, həmçinin vurğuladı ki, Allah insanların qarşısında dindar olduğunu nümayiş etdirənləri deyil, başqalarına fayda verənləri sevər və mükafatlandırar:
"Dindar olmaq hələ Allah adamı olmaq demək deyil. Biz bəzi Qərb ölkələrində vaxtilə Allahın evi sayılan kilsələrdə inkvizisiya məhkəmələrinin keçirilməsi, dəhşətli işgəncələrin verilməsi barədə çox oxumuşuq. Müasir dövrdə isə bəzi kilsələrdə din xadimləri tərəfindən azyaşlı oğlan uşaqlarının cinsi istismara məruz qalması kimi halların da şahidi oluruq. Bütün bunların din pərdəsi altında baş verməsi barədə çoxlu məlumatlar var.
Qarabağın işğalı zamanı da dini təəssübkeşlik pərdəsi altında ədalətin və haqqın necə tapdalandığını görmüşük. Son 32 il ərzində bir milyon müsəlman azərbaycanlının, Azərbaycan türklərinin öz ev-eşiklərindən didərgin salınmasının, minlərlə evin dağıdılmasının, çoxsaylı insan tələfatının şahidi olmuşuq. Körpələr, qadınlar və günahsız mülki şəxslər qətlə yetirilib. Məscidlərimizin və İslam abidələrimizin dağıdılmasına, vandalizm aktlarına şahidlik etmişik. Bütün bu proseslər zamanı din qardaşlarımızın bizi necə müdafiə etdiyini də görmüşük. Bu hadisələrin ağrılarını və acılarını böyük üzüntü ilə yaşamışıq. İnamsız insanları radikallaşdıraraq dini siyasi məqsədlər üçün istismar edənlər, dindən sui-istifadə edənlər böyük Yaradan qarşısında cavab verəcəklər".
Niyaməddin Orduxanlı hesab edir ki, məktəblərdə müzakirə edilməli olan əsas məsələlər təhsilin keyfiyyəti və sistemdəki problemlərdir:
"Orta məktəblərdə dördüncü, beşinci və ya digər siniflərdə oxuyan, hələ yetkinlik yaşına çatmamış uşaqların başlarının bağlı olub-olmamasını müzakirə etməkdənsə, daha vacib məsələlərə diqqət yetirməliyik. Yalnız inkişaf etmiş cəmiyyətlərdə ali dəyərlər bərqərar olur, insan hüquq və azadlıqlarının qorunmasına ciddi təminatlar yaradılır".
Müsahibimiz Türkiyədə Azərbaycanda məktəbli forması ilə bağlı məsələyə münasibət bildirən qüvvələrin mövqeyindən də danışdı.
"Bu gün dünyada mövcud olan 195 ölkə arasında Türkiyəyə Azərbaycan qədər yaxın, dost və qardaş olan ikinci bir ölkə yoxdur. Bu, birmənalı şəkildə belədir. Qardaş Türkiyədə hakimiyyətdə olan AKP-nin funksionerlərinə müraciət edirik. Bu partiyanın tərəfdarları əsasən əyalətlərdə yaşayan dindar təbəqələrdən ibarətdir.
Sizin mətbuat orqanınız vasitəsilə bildirmək istəyirik ki, vahid məktəbli formasının tətbiqi dini etiqad azadlığının məhdudlaşdırılması demək deyil. Azərbaycanda bu məsələni bu şəkildə təqdim etmək düzgün deyil. İnsan hüquq və azadlıqları yalnız dini etiqad azadlığı ilə məhdudlaşmır. Hüquqi dövlət olan Türkiyədə də vətəndaş cəmiyyətinin qurulması və insan hüquqlarının qorunması sahəsində ciddi problemlər mövcuddur. Bu gün qardaş Türkiyədə sadaladığım məsələlər də həmin problemlərin göstəricisidir".
Baş katib əlavə etdi ki, Azərbaycanla Türkiyə arasında fikir ayrılıqları qarşılıqlı münasibətlərə zərər vurmadan, dialoq yolu ilə həll edilməlidir:
"Azərbaycandakı insan hüquqlarının vəziyyəti Türkiyəni, o cümlədən Ərdoğan iqtidarını indiyədək ciddi şəkildə maraqlandırmayıb. Əgər bu gün hansısa məsələ ilə bağlı Azərbaycan hakimiyyəti ilə fikir ayrılığı yaranıbsa, bu, münasibətlərə zərər vuracaq formada deyil, masa arxasında müzakirə edilərək həll olunmalıdır. İki qardaş dövlət bir araya gələrək bu məsələləri müzakirə etməli və ortaq həll yolu tapmalıdır. Bizim düşmənləri sevindirəcək addımlar atmağa vaxtımız yoxdur. Partiya olaraq məsələyə münasibətimiz belədir. Ədalət, Hüquq, Demokratiya Partiyası hökumətin vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarını birmənalı şəkildə dəstəkləyir".
Niyaməddin Orduxanlı, eyni zamanda, milli geyim nümunəsi olan kəlağayının vahid məktəbli formasına daxil edilməsi təklifini irəli sürdü:
"Eyni zamanda, qadınlarımızın milli geyim nümunəsi olan kəlağayının vahid məktəbli formasına daxil edilməsi məsələsinin nəzərdən keçirilməsini təklif edirik. Kəlağayı yüz illərdir nənələrimizin, analarımızın və xanımlarımızın istifadə etdiyi milli dəyərimizdir. Bu baxımdan, Nazirlər Kabinetini və hökuməti həmin təklifi nəzərdən keçirməyə çağırırıq. İdarə heyətimizdə də bu məsələ ilə bağlı belə bir müraciət irəli sürülüb".