Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb Gündəm

Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb

Yəmənin üçüncü ən böyük şəhəri olan Taiz artıq bir neçə gündür ki, Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının mühasirəsindədir və bütün əsas təchizat yolları bağlanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən "Financial Times" qəzeti məlumat yayıb.

Sakinlərin sözlərinə görə, şəhər yaxınlığında döyüşlər o qədər sürətlə başlayıb ki, Taiz əhalisinin təhlükəsiz ərazilərə təxliyə olunmaq imkanı olmayıb. Hazırda şəhərə yalnız cənubdan az sayda minik və yük avtomobilləri daxil ola bilir.

"İndi qaçmaq risklidir, çünki cəbhə xəttini keçməli olacağıq. Lakin təhlükəsiz olsaydı, hər an şəhərdə döyüşlərin başlayacağını gözləyərək bu dəhşətli şəraitdə qalmaqdansa, getməyi üstün tutardım", - deyə Taiz sakinlərindən biri qəzetə bildirib.

Qeyd olunur ki, blokadanın başlamasından sonra yanacaqdaşıyan maşınların şəhərə təhlükəsiz çata bilməməsi səbəbindən yanacağın qiymətinin kəskin qalxması ilə əlaqədar bir çox sürücülər işlərini itiriblər.

Məryəm Quliyeva