“Azərbaycan heç bir dövlətin regional maraqlarının həyata keçirilməsi üçün vasitə deyil” Siyasət

“Azərbaycan heç bir dövlətin regional maraqlarının həyata keçirilməsi üçün vasitə deyil”

“Azərbaycan-Türkiyə münasibətləri qarşılıqlı hörmət, suverenlik və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan heç bir dövlətin siyasi təsir dairəsi və ya regional maraqlarının həyata keçirilməsi üçün vasitə deyil. Ölkəmiz müstəqil xarici siyasət yürüdən, öz milli təhlükəsizliyini və iqtisadi maraqlarını qorumaq imkanlarına malik suveren dövlətdir”.

Bu sözləri xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

Z.Qarayeva deyib ki, Türkiyə ilə müttəfiqlik də məhz bu müstəqilliyə qarşılıqlı hörmət əsasında inkişaf etməlidir: “Bununla yanaşı, Türkiyənin hazırkı AKP hakimiyyətinin xarici siyasətində ideoloji yanaşmaların və regional ambisiyaların rolunu tənqidi qiymətləndirmək mümkündür. Ankara rəhbərliyinin Suriya, Liviya və Sudan kimi ölkələrdə həyata keçirdiyi siyasətin nəticələri ayrıca təhlil edilməli, bu siyasətin Cənubi Qafqazda Azərbaycanın milli maraqlarına mümkün təsirləri diqqətdə saxlanılmalıdır. Burada mühüm məsələ Türkiyə dövləti və xalqı ilə AKP hakimiyyətinin siyasi kursu arasında fərqin qoyulmasıdır. Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi, mədəni və mənəvi bağlılıq hansısa siyasi partiyanın hakimiyyətdə olması ilə məhdudlaşmır”.

Onun sözlərinə görə, eyni zamanda, qardaşlıq münasibətləri Türkiyə hökumətinin bütün qərarlarının qeyd-şərtsiz dəstəklənməsi anlamına gəlməməlidir: “Azərbaycanın Ankara ilə münasibətlərində əsas meyar milli maraqlar, dövlət suverenliyi və bərabərhüquqlu əməkdaşlıq olmalıdır. Strateji müttəfiqlik qarşılıqlı öhdəliklər və etimad üzərində qurulmalı, ideoloji asılılıq və siyasi diktə münasibətlərinə çevrilməməlidir. Azərbaycan-Türkiyə qardaşlığı dövlətlərimizin ortaq dəyəridir, lakin bu qardaşlıq heç bir hakimiyyətə tənqiddən toxunulmazlıq vermir”.

Röya İsrafilova