Hikmət Babaoğlu: “Azərbaycana qarşı yönəlmiş yersiz və məntiqsiz ittihamlar dərhal dayandırılmalıdır” Siyasət

Hikmət Babaoğlu: “Azərbaycana qarşı yönəlmiş yersiz və məntiqsiz ittihamlar dərhal dayandırılmalıdır”

“Azərbaycan-İsrail və Türkiyə-İsrail münasibətləri iki müstəqil dövlətin qarşılıqlı və müstəqil xarici siyasət məsələsidir”

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu xalqcəbhəsi.az-a açıqlaması zamanı söyləyib.

Millət vəkili qeyd edib ki, hər bir suveren dövlət öz xarici və iqtisadi siyasətini müstəqil şəkildə müəyyən edir: “Hansısa bir ölkə digərini niyə başqa bir dövlətlə əməkdaşlıq edirsən deyə ittiham edə bilməz. Bu, məsələnin hüquqi tərəfidir. İqtisadi göstəricilərə gəldikdə isə, 2025-ci ilin rəsmi məlumatlarına əsasən, İsrail Türkiyədən təqribən 925 milyon dollar dəyərində mal idxal edib, Türkiyəyə isə 11 milyon dollar həcmində mal ixrac edib. Dolayısı ilə Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır. BMT-nin müvafiq qurumlarının hesabatlarında isə 2025-ci ildə Türkiyə və İsrail arasındakı ticarət dövriyyəsi 2,2 milyard dollar göstərilir”.

Deputat vurğulayıb ki, Azərbaycan heç vaxt Fələstində baş verən hadisələr kontekstində Türkiyənin İsraillə ticarət dövriyyəsi aparmasını sorğulamayıb və eyni yanaşmanı Türkiyədən də gözləyir: "Azərbaycan heç vaxt demir ki, nəyə görə Türkiyə İsraillə bu həcmdə ticarət edir. Eynilə Türkiyədə də bəzi dairələr Azərbaycanı İsraillə ticarət aparmaqda və ya neft satmaqda ittiham etməməlidir. Türkiyədə Azərbaycanı ittiham edənlər yaxşı olar ki, əvvəlcə özlərinin İsraillə ticarət dövriyyələrinə baxsınlar, o zaman tam fərqli mənzərə ortaya çıxacaq. Bakı hər zaman bəyan edib ki, Fələstin ərazisində iki müstəqil dövlətin — Fələstin və İsrail dövlətlərinin yaranması ilə bağlı BMT-nin müvafiq qərarlarını dəstəkləyir. Əgər bu reallığı dəyişmək nə Azərbaycanın, nə də Türkiyənin əlində deyilsə, nəyə görə biz Türkiyə-Azərbaycan qardaşlığını bizim nəzarətimizdə olmayan üçüncü və dördüncü ölkə arasındakı konfliktdə görə zərbə altına almalıyıq? Bu, ne məntiqə, ne ağla, ne də siyasi baxımdan doğru düşüncə tərzinə uyğundur”.

Hikmət Babaoğlu Azərbaycana qarşı aparılan qaralama kampaniyasına son qoyulmasının vacibliyini diqqətə çatdırıb: "Bu yersiz və məntiqsiz ittihamlar ən qısa zamanda dayandırılmalıdır. Türkiyə dövləti Azərbaycana qarşı yönəlmiş bu təxribat kampaniyasının arxasında kimlərin durduğunu ifşa etməli və hüquqi müstəvidə cəzalandırmalıdır. Əks halda, Azərbaycan öz hüquq sistemi vasitəsilə adekvat addımlar atacaq. İki ölkə arasında qarşılıqlı hüquqi yardım haqqında razılaşma var. Əgər hər hansı bir Türkiyə vətəndaşı ölkəmizi təhqir edirsə, maraqlarımızı təhdid edirsə, biz həmin şəxslərin cəzalandırılmasını və ya Azərbaycana təhvil verilməsini tələb edəcəyik. Artıq bu prosesə başlanılıb və Azərbaycan Respublikasının Baş Prokurorluğu bir Türkiyə vətəndaşı haqqında cinayət işi açıb. Belə təxribatlara dərhal son verilməlidir”.

Günel Elxan